1998-ci il Dünya Çempionatının qalibi olan Fransa yığmasının oyunçusu Zinəddin Zidanın oğlu Lyuk Zidan Əlcəzair yığmasının tərkibində DÇ-2026-da çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.
Lyuk Zidanın 28 yaşı var. Daha əvvəl, gənclərdən ibarət Fransa yığmasının üzvü olub. 2025-ci ildə Əlcəzair yığmasında oynamaq hüququ qazanıb. Qolkiper “Real”ın yetirməsidir, eyni zamanda o, İspaniyanın “Rayo Valyekano” və “Eybar” klublarında çıxış edib, hazırda isə “Qranada”nın üzvüdür.
Xatırladaq ki, Zinəddin Zidan 2000-ci ildə Fransa yığmasının tərkibində Avropa çempionu olub, 2006-cı ildə isə dünya çempionatının gümüş mükafatını qazanıb. 1998-ci ildə Braziliya yığmasına qarşı oyunda (3:0) iki qolun müəllifi məhz o olub. 2006-cı ildə İtaliyaya qarşı çempionatın ən yaxşısı adı uğrunda mübarizədə isə (o vaxt Fransa penalti ilə məğlub olub) əsas vaxtda bir qol vurub. Əlavə edilmiş vaxtda isə İtaliya yığmasının futbolçusu Marko Materassiyə başla zərbə endirməsi səbəbindən oyundan kənarlaşdırılıb.
Zidan karyerası müddətində Fransanın “Kann” və “Bordo”, İtaliyanın “Yuventus”, İspaniyanın “Real” klublarının şərəfini qoruyub. Çempionlar Liqasının, İspaniya çempionatının qalibi olub, iki dəfə İtaliya çempionu adını qazanıb. Futbolçu kimi karyerasını başa vurduqdan sonra isə məşqçi kimi fəaliyyətini davam etdirib. “Real”ın iki dəfə məşqçisi seçilib və klubu üç dəfə Çempionlar Liqasında qələbəyə aparıb.
Qeyd edək ki, Əlcəzair yığması qrup mərhələsində Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.
Aysel Əliyeva
Globalinfo.az