Zidan onun heyranı olduğunu bildirdi

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappeyə heyran olduğunu bildirib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, keçmiş fransalı yarımmüdafiəçi parisli hücumçunun karyerasında birdən çox “Qızıl top” qazanacağına ümid etdiyini söyləyib.

“Onun etdikləri inanılmazdır. Ümid edirəm ki, o, çoxlu Ballon d’Or qazanacaq. Onun etdiyi sadəcə fantastikdir: klub və milli komanda üçün. Mbappeyə həqiqətən heyranam”, – deyə Zidan qeyd edib.

Mbappe PSJ ilə 5 qat Fransa çempionu və 3 dəfə Fransa Kubokunun qalibi olub.

Fransa millisinin heyətində 24 yaşlı hücumçu 70 oyun keçirib və 40 qol vurub. Milli komanda ilə 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə ikinci olub. 2021-ci ildə Millətlər Liqasının finalında İspaniya ilə oyunda qələbə qolunu vurub (2:1).