Zeynəb Xanlarovanın özəl günü

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Globalinfo.az xatırladır ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

O, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti fəxri adları, 1988-ci ildə Azərbaycan SSR Dövlət mükafatı və 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Dünyanın əksər ölkələrində konsertlər verən Xanlarova xalq musiqisi sahəsində SSRİ Xalq artisti adını alan ilk və son qadın müğənnidir.

Eyni zamanda o, Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənni də məhz Zeynəb Xanlarova olub.

Qeyd edək ki, Z.Xanlarova həm də Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olub.

Zaira Akifqızı
Globalinfo.az