“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi daha da sərtləşib. Bu dövlətin rəsmiləri ard-arda Azərbaycan və Rusiya əleyhinə bəyanatlar verirlər. Görünür, onlara dəhlizlə bağlı məsələlərin yekunlaşmaq üzrə olması barədə ciddi xəbərlər çatıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Zəngəzur dəhlizinin açılmasına İranın etirazı və Bakının ata biləcəyi addımlar haqda danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan da daxil olmaqla region dövlətləri dəhlizin açılması barədə razılığa gəlsə, İranın edəcəyi bir şey olmayacaq:
“İran dəhliz məsələsinə görə Bakını ittiham etməsinə baxmayaraq, bu geosiyasi oyunda sadəcə bir neçə oyunçudan biridir. Yəni dəhlizin açılmasında Bakıdan daha böyük fiqurlar maraqlıdır və onun fəaliyyətə başlamasına həm siyasi, həm də maddi investisiya qoyurlar. Tehranın Bakını hədəf götürməsi belə onun bu məsələdə artıq məğlubiyyətə uğradığına dəlalət edir. Tehran dəhlizin açılmasının qarşısını ciddi şəkildə almaq istəsəydi, Rusiya, Türkiyə, Ermənistanla da Bakı ilə apardığı mübarizəni aparmalı idi. Onun təkcə Bakıya qarşı irəli sürdüyü ittihamlar əsassızdır və bununla dəhlizin fəaliyyətə başlamasına mane ola bilməyəcək.
Digər tərəfdən, İran hansı beynəlxalq qanunu əsas götürərək Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır? Onun əlində bayraq etdiyi sərhədlərin dəyişdirilməsinin hüquqazidd olması prinsipi burada işə yaramır. Çünki heç kimi Zəngəzuru Ermənistanın əlindən alıb orada dəhliz açmır. Dəhliz məhz Ermənistanın ərazisindən keçməklə fəaliyyətə başlayacaq və İranın Ermənistanla 45 km-lik sərhədi olduğu kimi qalacaq. İranla Ermənistan arasında Qafan ərazisindən keçəcək yol da əvvəlki kimi öz funksiyasını yerinə yetirəcək. Deməli, İranın “qırmızı xətt” anlayışı dəhlizin açılışına mane olmaq üçün ortalığa atılan iddialardan başqa bir şey deyil”.
Politoloq qeyd edib ki, rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcəyini anlayır:
“İranın məqsədi böyük oyuna qoşularaq, özünün region dövləti olduğunu digərlərinin nəzərinə çatdırmaq, hay-küy qaldıraraq daha çox pay götürməkdir. Zəngəzur dəhlizi işə düşəndən sonra gətirəcəyi mənfəətdən daha çox fayda götürməyə çalışır. Məhz buna görə də müəyyən müddətdən sonra sakitləşəcəyi və axına qoşulacağı heç kimdə şübhə doğurmur”.
Turan Rzayev
Globalinfo.az