Zəngəzur hərəkətliliyi başladı – Nələr yaşanır?

Ermənistan mediasında Zəngəzur dəhlizi ilə bağlı aktivlik müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, erməni politoloq və tarixçilər son günlər bu barədə fikirlər səsləndirir, mülahizələr irəli sürürlər.

Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən dəhlizlə bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda narahatlıq yaradıb.

Axar.az yazır ki, Zəngəzur dəhlizi ilə bağlı Tehrandan aldığı dəstəklə yüksək iddialar səsləndirən və buna imkan verməyəcəyini deyən Ermənistan hakimiyyəti bu yol vasitəsilə dalan ölkə olmaqdan çıxmaq şansının qaçırılmasından əndişələnərək, “Sülh qovşağı” (Dünyanın kəsişməsi) adlı iddialı layihə təqdim edib.

Ermənistan müxalifəti isə Zəngəzur dəhlizinin aktuallığını itirməsini fərqli yönümdə izah etməyə çalışır. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan və Türkiyənin artıq “dəhliz” terminindən istifadə etmədiyini xatırladıb və iddia edib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxarıldığı təəssüratı yaranır, buna baxmayaraq, türklər mövzunu həmişə prioritet saydığını düşünmək olar:

“Fərq odur ki, artıq kəskin ifadələr işlətmirlər. Bunun Ermənistan hökuməti ilə razılaşaraq Ermənistan daxilində ehtirasları alovlandırmaq üçün yox, yumşaq bir şəkildə dəhliz əldə etmək üçün edilib-edilmədiyini heç kim istisna edə bilməz.

İstənilən halda mövzu Türkiyə-Azərbaycan gündəmində hətta rəsmi səviyyədə də gizlədilməyən mühüm yer tutur”.

Bundan başqa, erməni alim, türkoloq Varujan Geqamyan Zəngəzur dağlarının fotosunu paylaşaraq, bu dağları “Avrasiyanın geosiyasi mərkəzlərindən biri” adlandırıb.

O, 100 il əvvəl “Artsax və Naxçıvanın süqutundan sonra” Qərbi Zəngəzurun yenidən diqqət mərkəzinə düşdüyünü bildirib.

Bunun ardınca yazdıqları isə əslində ermənilərin 100 il öncəki işğalının təsdiqidir:

“O vaxt Süniki (Zəngəzuru – red.) tutan (işğal edən – red.) Njdenin sözləri bizim dövrümüzə də tam uyğundur: “O dağları kim ələ keçirdisə, Ermənistanın sahibidir”. 2024-cü il Zəngəzur ili olacaq”.

Qeyd edək ki, Ermənistanda müşahidə olunan Zəngəzur hərəkətliliyinin səbəbi müəmmalıdır. Bunların fonunda rəsmi Bakı sülh müqaviləsinin imzalanması istiqamətində qərarlı addımlar atmaqdadır.