Zəlzələdə həlak olan Şahinlə bağlı SENSASİON MƏQAMLAR – VİDEO

16.02.2023  20:56

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olan azərbaycanlı tələbə Şahin Vəliyevin Gəncə şəhərində yaşadığı ev haqqında yeni detallar üzə çıxıb.

Şahinin babasının sözlərinə görə, evləri 17 oktyabr 2020-ci il tarixində ermənilərin Gəncəyə atdığı raket nəticəsində dağılıb. O bildirib ki, Şahin məhz Azərbaycanda yaşamağa evi olmadığından tətildə ölkəyə gəlməkdən imtina edib. Babası Şahin Vəliyevin vaxtsız ölümündə bu amilin xüsusi rol oynadığını vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ailə evin dağılması ilə əlaqədar kirayə pulu alır:

“Ailənin hansı səbəbdən hələ də evlə təmin olunmaması haqda biz heç nə deyə bilmərik. Lakin ailəyə hər ay 250 manat kirayə pulu ödənilir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı bildirilib ki, qeyd edilən ünvanda zərər görmüş fərdi yaşayış evinə keçirilmiş baxış zamanı dəymiş ziyan müvafiq qaydada qiymətləndirilib və tikiləcək evlərin siyahısına daxil edilib:

“Lakin evlərin planlaşdırılması zamanı təklif edilmiş layihəyə vətəndaş əvvəlcə razılıq versə də, sonra tikinti işlərinin dayandırılmasını və layihənin dəyişdirilməsini tələb edib. Bu səbəbdən yenidən individual tikinti layihəsi hazırlanıb və inşaat işlərinə başlanılıb.

Qeyd edək ki, tikinti prosesi zamanı vətəndaşın həyətində mövcud olmuş yardımçı tikilinin yaşayış evi kimi layihələndirilməsi tələbi də inşaat işlərinin yubanması ilə nəticələnib.

Hazırda işlərin böyük bir hissəsi yerinə yetirilib, evin içərisində tamamlama işləri gedir və qısa müddətdə vətəndaşa təhvil verilməsi planlaşdırılır”.

Zaira Akifqızı
Globalinfo.az