Zəlzələ olarsa, ən təhlükəli ərazi Bakı deyil, buradır: ekspert həyəcan təbili çaldı – VİDEO

***
09:57

Son vaxtlar Türkiyədə baş verən zəlzələlərdən sonra Azərbaycanda, əsas da Bakıda bir çox binalarda yoxlamaların aparılması təklif edildi. Lakin bu cür təhlükəli binalar Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdə də var.

Əsas məqamlardan biri Mingəçevir dəryaçasıdır. Müharibə vaxtı Ermənistan dəryaçanın bəndini raketlə vurmaq istədi, amma bacarmadı. Sözügedən strateji nöqtədə zəlzələ zamanı da təhlükə yaranacağı bildirilir.

Bəs Respublika üzrə yoxlama-təftiş işləri aparılırmı? Mingəçevir su bəndinin təhlükəsizliyi necə təmin edilir?

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Globalinfo.az-a açıqlamasında bildirib ki, binalarda təhlükəsizlik yoxlamaları heç də ürəkaçan deyil:

“Ümumiyyətlə, yaşayış təyinatlı daşınmaz əmlaklar respublika üzrə mütəmadi olaraq, ya da heç olmasa 10 ildən bir yoxlanılmalıdır. Çünki binalar zamanla öz dayanıqlılığını itirir. Ola bilər ki, bina 50 il əvvəl tikilib, seysmik dayanıqlılığı tam təmin edilib, amma zaman keçdikcə binalar köhnəlir. Çünki beton, təxminən, 45 il sonra tədricən boşalmağa başlayır. Ona görə də müxtəlif illərdə tikilən binalar müəyyən müddət aralıqla yoxlanılmalıdır. Lakin bu yoxlamaların həyata keçirilib-keçirilmədiyi bilinmir. Mətbuatda bununla bağlı rəsmi informasiya tapa bilmirik. Mövzu ilə bağlı sorğu ünvanladığımız zaman da cavab almaq mümkün olmur. Halbuki ən azı bölgü aparılaraq zonalar üzrə bu yoxlama həyata keçirilməlidir ki, istənilən riskə qarşı sığortalana bilək”.

Ekspert Mingəçevir bəndi üçün ehtiyat variant hazırlanmasının vacib olduğunu vurğulayıb:

“Azərbaycan üçün ən böyük təhlükə Mingəçevir dəryaçasının qarşısını kəsən bənddir. Gələcəkdə təbii fəlakət baş verəcəyi təqdirdə onun nəticələrindən heç kim sığortalanmayıb. Ehtimal olunan təhlükələrə qarşı tədbirlər görmək lazımdır. Bunun üçün sahəsi üzrə peşəkar hesab edilən mütəxəssislərin təklifləri, tədbirlər planı nəzərdən keçirilməlidir. Məsələn, suyun qarşısını kəsən bənd zədələnəcəyi, dayanıqlılığını itirəcəyi təqdirdə işə salınacaq ehtiyat variant hazırlanmalıdır. Amma bununla bağlı da hər hansı ciddi təhlükəsizlik tədbirləri və əlavə vasitələrin planlaşdırıldığını eşitməmişik”.

Ayşən Mustafa
Globalinfo.az