Zelenskinin istəyi cavabsız qaldı: Putinin planı icra ediləcək

“Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da ABŞ-ın Almaniyadakı “Ramştayn” aviabazasında olub. O, Ukraynanın müdafiəsi məsələləri və Qərb ölkələrinin hərbi dəstəyinin artırılması ilə bağlı təmas qrupunun iclasında iştirak edib”.

Bunu Globalifno.az-a politloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna prezidentinin tərəfdaşlarından əsas iki istəyi var:

“V.Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin Baş naziri Corciya Meloni ilə görüşüb. O, birincisi, Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini, ikincisi isə ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib. Başda ABŞ olmaqla iclasda iştirak edən ölkələr Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər. Ancaq ABŞ-ın müdafiə naziri Lloyd Ostin ikinci məsələ ilə bağlı Zelenskiyə müsbət cavab verməyib.

İtaliyanın Baş naziri Corciya Meloni sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumu çəçivəsində Volodimir Zelenski ilə görüşüb. O, Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini, Kiyevi müharibədə tək buraxmayacaqlarını söyləyib. Meloni forumdakı çıxışında “beynəlxalq hüququn qaydaları ləğv edilərsə, böhranlar və xaos çoxalacaq”,- fikrini səsləndirib”.


Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Pekin və Dehlinin vasitəçi ola biləcəyinə dair fikri Rusiya Prezidenti Vladimir Putin də səsləndirib:

“Putin bu ölkələrin münaqişə ilə bağlı bütün məsələləri səmimi şəkildə həll etməyə çalışdığını deyib. Kreml sahibinin bu bəyanatı Hindistanın Baş naziri Narendra Modinin Rusiya və Ukraynaya səfərindən sonrakı dövrə təsadüf edib. Göründüyü kimi Meloninin simasında bir qrup Qərb lideri müharibəyə son qoymaq üçün adıçəkilən iki ölkənin vasitəçi ola biləcəyi fikrinə şərikdirlər. Ancaq hazırkı şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır.

Volodimir Zelenski Ukrayna xalqının müharibə istəmədiyini, lakin işğalla barışmayacağını bir daha Qərb liderlərinin diqqətinə çatdırıb. Vladimir Putin də sülh danışıqlarına hazır olduğunu, ancaq mövcud “reallıqların” nəzərə alınmasını istəyib. Rusiya prezidentinin Krımın ilhaqı və Ukraynanın şərqinin işğalını nəzərdə tutan “reallığını” isə Kiyev heç zaman qəbul etməyəcək”.

Turan Rzayev
Globalinfo.az