Zelenskinin Əliyevə təklif etdiyi plan: Azərbaycan Rusiyanın yerini tutur?

zelenski eliyev 9

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davos görüşündə mühüm məsələləri müzakirə ediblər. Bunlardan biri də Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılmasıdır. Zelenski sözügedən təklifi Əliyevə təqdim edib. Azərbaycanın məsələyə münasibəti maraq doğurur.

Bu məsələ siyasi-iqtisadi baxımdan ölkəmizə hansı dividentləri qazandırar? Rusiya amili baxımdan təhlükəsizliyimizi təhdid etmir ki?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, təklif cazibdir, lakin bu, texniki, iqtisadi baxımdan əsaslı olmalıdır:

“Azərbaycan müxtəlif marşrutlarla öz qazını Qərbə doğru nəql edir. Zelenski bu təklifi irəli sürürsə, prinsip etibarı ilə baş tuta bilər. Amma siyasi iradədən savayı burada texniki və iqtisadi imkanlar olmalıdır. Vaxtilə Odessa-Brodı kəməri var idi. Onun istismarı ilə bağlı da bəzi fikirlər dolaşırdı. Lakin bu, əsaslı səbəblərdən alınmadı. Ukraynanın təklifi üzərində Azərbaycan tərəfi fikirləşməlidir. Prezident İlham Əliyev məsələyə yaşıl işıq yandırarsa, ekspertlər birliyi proseslə yaxından məşğul olacaqlar. Bir çox şeylər dövlət başçısından gələn tapşırıqdan asılı olacaq”.

tofiq abbasov

Tofiq Abbasov

Politoloqun sözlərinə görə, bu prosesdə Rusiya ilə mübahisəli məsələ yoxdur:

“Azərbaycan həmişə qeyd edib ki, Rusiya kimi Ukrayna da bizim üçün müttəfiqdir. Burada Rusiyanın yerini tutmaq fikri də güdülmür. Əksinə, bazarda hər bir oyunçunun özünəməxsus mövqeyi, yanaşması, strategiyası var.

Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılmasının rəsmi Bakıya nə dərəcədə lazım olub-olmamasına diqqət yetirməliyik. Rusiya öz istəyi ilə, yaxud da məcbur şəkildə Ukrayna bazarını tərk edirsə, bu, Kremlin problemidir. Azərbaycanın müdaxiləsi nəticəsində bu proses baş vermir. Bir növ Rusiyadan boşalan yeri Azərbaycan tutacaq”.

Safura Bənnayeva
Globalinfo.az