Zelenskidən yerinə “namizəd”ə açıq mesaj

Ukrayna Prezidenti Volodimir Zelenski “San” nəşrinə müsahibə verib.

Globalinfo.az xəbər verir ki, o, ordu komandirləri ilə münasibətlərindən danışıb.

Zelenski ölkənin silahlı qüvvələrinin komandanı Valeri Zalujnının son zamanlar Vaşinqtonla danışıqlarda şəxsən iştirak etməyi planlaması ilə bağlı yayılan söhbətlərə münasibət bildirib.

“Generallar müharibə zamanı siyasətlə məşğul ola bilməzlər. Sabah siyasətə atılmağı, seçkilərdə iştirak etməyi düşünərək bu gün bir müharibəyə qoşulmaq səhv addımdır. O zaman hərbçi kimi deyil, siyasətçi kimi davranmış olursunuz. General Zalujnı və döyüş meydanındakı komandirlərə dərin hörmət bəsləyirəm, lakin iyerarxiya ilə bağlı mütləq bir anlayış var”, – Zelenski deyib.

Qeyd edək ki, V.Zalujnının Ukrayna prezidentliyinə namizədliyi ölkədə ciddi şəkildə müzakirə edilir. General Zelenskiyə əsas rəqib hesab olunur.

Ayşən Mustafa
Globalinfo.az