zelenski9 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri postunda dəyişiklik təşəbbüsündən sonra döyüş bölgələrində xidmət edən hərbi komandirlərlə müşavirə keçirib.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Prezident bildirib ki, görüşdə cəbhənin ən gərgin istiqamətlərindəki vəziyyət, Rusiya qüvvələrinə qarşı əməliyyatlar və Ukrayna bölmələrinin təminatı məsələləri müzakirə olunub.

“Komandirlər cəbhədəki vəziyyət, işğalçı qüvvələrin məhv edilməsi və bölmələrimizin təminatı ilə bağlı əsas məsələlər barədə məruzə etdilər. Ukraynanın müdafiəsi aktiv olaraq qalır və bütün istiqamətlər üzrə müəyyən edilən tapşırıqlar tam yerinə yetirilir”, – Zelenski bildirib.

Dövlət başçısı həmçinin “Azov” briqadasının komandanlığına ukraynalı hərbi əsirlərin taleyi və əsir mübadiləsi prosesinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib. Onun sözlərinə görə, müşavirədə Xarkov və Donetsk vilayətlərindəki cəbhə xətti, Rusiyanın mümkün hərəkətləri və Ukraynanın müdafiə planları da müzakirə edilib.

“Əsas məqsəd odur ki, cəbhədəki mövqelərimiz dövlətimizin müstəqilliyini, milli maraqlarını və diplomatik fəaliyyətini qorumaq üçün kifayət qədər möhkəm olsun. Cəbhə hər şeyin təməlidir”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Zelenski parlamentə Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını təklif edəcəyini açıqlayıb. Bildirilir ki, hazırda o, prezidentin tapşırığı ilə müdafiə nazirinin səlahiyyətlərini icra edir.

Bundan əvvəl isə Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov prezidentin Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad etmək təklifini dəstəkləmədiyini bildirib. Fedorovun sözlərinə görə, Müdafiə Nazirliyinin qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə yönələn təşəbbüsləri müqavimətlə qarşılanıb. Öz növbəsində Baş komandan Aleksandr Sırski Fedorova Ukrayna komandasında qalmasını arzulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: