Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı təzyiqi artırmaq üçün yeni mərhələnin başlandığını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 40 günlük xüsusi təsir əməliyyatına start verəcək. Rəsmi Kiyev bildirir ki, əməliyyatın əsas məqsədi uzaqmənzilli zərbələr və digər vasitələrlə Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir.
Zelenskinin elan etdiyi 40 günlük əməliyyat nəticə verəcəkmi? Rusiya ilə müharibə bitir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ukrayna tərəfi bundan əvvəl də analoji əməliyyatlar həyata keçirib :
“Bu cür əməliyyatlar əvvəlcədən hazırlanmış plana uyğun olaraq mütəmadi şəkildə icra olunur. Lakin bu dəfə vəziyyət fərqlidir. Çünki son vaxtlar Ukrayna Rusiyanın şəhərlərini intensiv şəkildə bombardman edir, xüsusilə də pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların sayı və intensivliyi artıb. Hazırda Krıma qarşı genişmiqyaslı əməliyyatın keçiriləcəyi, yarımadanın tam blokadaya alınacağı və nəticədə azad ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Ümumilikdə hesab edirəm ki, Prezident Volodimir Zelenskinin əsas məqsədi Krımın azad edilməsidir. Bu baş verərsə, növbəti mərhələdə Donbas bölgəsinin də azad olunması istiqamətində proses daha da sürətlənə bilər. Məhz buna görə də Ukrayna əsas hərbi gücünü Krım istiqamətində cəmləşdirməyə çalışır. Krımın azad edilməsi Rusiya üçün ciddi psixoloji və siyasi zərbə ola bilər. Əgər bu plan uğurla həyata keçirilərsə, Ukrayna üçün böyük strateji nəticələr doğurar və Rusiyada mövcud siyasi-hərbi sistemi ciddi çətinliklərlə üz-üzə qoya bilər”.
Zeynal Əmrəliyev
Politoloq qeyd edib ki, Rusiya da Krımı nəzarətdə saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək:
“Bu əməliyyatın hansı nəticələr verəcəyini isə yalnız döyüşlərin gedişi və ümumi vəziyyət aydınlaşdıqdan sonra qiymətləndirmək mümkün olacaq. Eyni zamanda, Qərb ölkələri, xüsusilə ABŞ və Avropa dövlətləri Ukraynanı bu mərhələdə tək buraxmamalıdır. Əgər Kiyevə kifayət qədər hərbi və siyasi dəstək göstərilməzsə, Ukraynanın nəzərdə tutulan təxminən qırx günlük əməliyyat çərçivəsində uğur qazanmaq imkanları xeyli azalacaq. Doğrudur, müharibə nəticəsində Rusiya da ciddi itkilər verib və müəyyən qədər zəifləyib. Bununla belə, Rusiyanın hərbi, iqtisadi və insan resursları Ukraynanın imkanlarından xeyli üstündür. Buna görə də Qərbin dəstəyi yetərli olmazsa, Ukraynanın müharibədə vəziyyəti olduqca ağırlaşa bilər”.
Safura Bənnayeva
Globalinfo.az