Zelenski ABŞ-dən əlidolu qayıdıb: Müharibənin həlledici mərhələsi belə olacaq

President Joe Biden speaks with Ukrainian President Volodymyr Zelenskyy as they meet in the Oval Office of the White House, Wednesday, Dec. 21, 2022, in Washington. (AP Photo/Patrick Semansky)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfərini “evə gözəl xəbərlərlə qayıdıram” kimi şərh etdi. Zelenskinin bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Ukrayna 2023-cü ilə ABŞ-nin tam siyasi və hərbi dəstəyini qazana bilər. Lakin Rusiya Prezidenti Vladimir Putin də boş dayanmır və müharibənin növbəti mərhələsinə ciddi hazırlaşır.

Maraqlıdır, ABŞ-Rusiya qarşıdurmasının həlledici mərhələsində nələr olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, ABŞ və NATO Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən rəsmi Kiyevə dəstək verib:

“ABŞ tarixində ikinci dəfədir ki, bir ölkəyə qarşı genişmiqyaslı maliyyə yardımı və strateji silahların verilməsi gerçəkləşir. Bundan başqa, Vaşinqton Kiyevin müdafiə sənayesini də gücləndirmək üçün dəstəyini ifadə edir”.

Politoloqun sözlərinə görə, ABŞ-nin Ukraynaya bu dəstəyi təsadüfi deyil:

“Belə ki, üzdə hər nə qədər Rusiya-Ukrayna müharibəsi getsə də, pərdəarxasında de-fakto Rusiya-ABŞ, Rusiya-NATO müharibəsi gedir. Bu isə öz növbəsində müharibənin dağıdıcı ola biləcəyi versiyalarını aktuallaşdırır.

Məsələ ondadır ki, hər iki tərəf nüvə silahına malikdir və bu, nüvə müharibəsi ehtimalını yaradır. Lakin hesab etmirəm ki, bu baş versin. Çünki Qərb Rusiyadan böyük ölçüdə enerji asılılığına malikdir və bu asılılığı kompensasiya edəcək alternativ vasitə yoxdur”.

Turan Rzayev
Globalinfo.az