“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfədir ki, xarici ölkəyə səfər etdi”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfər etməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, Volodimir Zelenskinin ABŞ-yə səfəri heç də təsadüfi deyil:
“Zelenski müharibənin ən şiddətli anında belə ölkəni tərk etmədi və xalqının yanında olmağı seçdi. Ən doğru addım da məhz bu idi. Zelenski bu gün də bu siyasətini davam etdirir.
ABŞ ümumilikdə Ukraynaya Rusiya ilə müharibədə ən çox dəstək verən ölkədir. Lakin 2023-cü ildən bu dəstəyin artırılması üçün danışıqlara ehtiyac var və hesab edirəm, səfərin əsas məqsədlərindən biri də məhz budur. Yeri gəlmişkən, ABŞ Konqresində Ukraynaya yeni dəstək pakentinin müzakirəsi gedir. Söhbət ayrılacaq milyonlarla dollar vəsait və başda “Patriot” sistemləri olmaqla, bir sıra strateji silahların verilməsindən gedir.
Bu dəstək fonunda Vaşinqton həm də Rusiyaya gözdağı verir. Ukraynanın yanında olduğunu, sonacan dəstəkləyəcəyini demək istəyir”.
Politoloqun sözlərinə görə, Zelenskinin ABŞ-yə səfəri Baydenin prestiji baxımından da olduqca önəmlidir:
“ABŞ Prezidenti Co Baydenin son zamanlar prestiji əsaslı surətdə azalıb. O, Zelenskinin ABŞ-yə səfəri ilə azalan nüfuzunu artırmaq niyyətindədir. Yeri gəlmişkən, Zelenskinin ABŞ Konqresində ayaq üstə qarşılanıb alqışlanması da başda Bayden olmaqla Vaşinqtonun Zelenskiyə verdiyi önəmi açıqca göstərir”.
E.Şahinoğlu bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər etdiyi bir zamanda Rusiya Prezidenti Vladimir Putin də yaxın dostu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi Çinə səfərə yollayıb:
“Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşən Medvedyev Rusiya prezidentinin məktubunu Çin liderinə təqdim edib. Putin bu səfərlə əslində Zelenskinin ABŞ-yə səfərinin yaradacağı effekti azaltmağı hədəfləyir.
Putin yaxşı bilir ki, Medvedyev kimi ciddi bir fiqurun Çinə səfəri dünya ictimaiyyətinin diqqətindən yayınmayacaq. Yeri gəlmişkən, Medvedyev Çin rəhbəri ilə Ukraynadakı münaqişəni də müzakirə edib”.
Turan Rzayev
Globalinfo.az