Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun – Qüdrət Həsənquliyevdən təklif

qudret 1

“Hörmətli sədr, mən sizi, deputat həmkarlarımı Milli Məclisin üzvü seçilməyiniz münasibətilə təbrik edirəm. Fürsətdən istifadə edib, bu seçkilərdə mənə, rəhbərlik etdiyim Ədalət, Hüquq, Demokratiya Partiyasına səs vermiş, dəstək olmuş insanlara öz minnətdarlığımı bildirirəm və onları əmin edirəm ki, etimadı doğruldacağıq. Müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, bu təşəbbüsü dəstəkləyirəm, həqiqətən də belə bir komissiyanın yaradılmasına ehtiyac var”.

Globalinfo.az bildirir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması ilə bağlı çıxışı zamanı səsləndirib.

Millət vəkili əlavə edib ki, Milli Məclisin daxili nizamnaməsinin 42-ci maddəsinə görə, müvəqqəti komissiyalar müəyyən bir müddət üçün yaradılır: “Əgər parlamentin fəaliyyətdə olacağı VII çağırış dövründə yaradılırsa bu müvəqqəti komissiya olmur. Ona görə də, hesab edirəm ki, 41-ci maddədə intizam komissiyası yaradılması öz əksini tapıb. Daxili nizamnaməyə 41-1-ci maddə əlavə edək və bunu daimi komissiya kimi yaradaq. Ona görə ki, qərarın 4-cü hissəsində qeyd olunur ki, hibrid xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisin səlahiyyət müddəti ərzində fəaliyyət göstərir. Ona görə də bunun müvəqqəti komissiya adlandırılması hesab edirəm ki, doğru olmaz.

Bu məsələ niyə aktualdır? Ona görə ki, Ermənistanın və Ermənistanı müdafiə edən Azərbaycana düşmən kəsilmiş xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı böyük mənəvi terror təşkil olunur. Onlar bu mənəvi terrorda bizim vətəndaşlardan da istifadə edirlər. Yeri gələndə həmin vətəndaşları döyür, xəsarət də yetirirlər. Yaxşı ki öldürmürlər. Bundan da Azərbaycana qarşı kampaniya kimi istifadə edirlər. Biz hər zaman görürük ki, Azərbaycan böyük beynəlxalq tədbirlər ərəfəsində bu cür təzyiq və təhdidlərlə üz-üzə qalır. İndi də Azərbaycanda COP 29 keçiriləcək. Yəni bu ərəfədə ayrı-ayrı şəxslər hansısa etnik qrupların, azsaylı xalqların hüquqlarını müdafiəsi adı altında fəaliyyətə başlayıblar, fəaliyyətlərini xeyli genişləndiriblər. Hansısa terror qrupları sərhəd bölgələrində canlanıb. Yəni, çox müxtəlif xarakterli təxribatlara əl atırlar. Ona görə də, belə bir komissiyanın yaradılması və bu təhdidlərin öyrənilməsi, əhalinin maarifləndirilməsi son dərəcədə zəruridir.

Mən, hörmətli Əi Əhmədovun səsləndirdiyi məsələlərə tam dəstəyimi ifadə edirəm. Hesab edirəm ki, həqiqətən də millət vəkilləri ölkəmizə qarşı hazırlanan və həyata keçirilən çox müxtəlif xarakterli bu təxribatlara cavab verməlidirlər, insanlarımızı maarifləndirməlidirlər. İnsanlarımız ayıq olmalıdır. Sonda mən onu da təklif etmək istəyirəm ki – biz müstəqillik əldə edəndən sonra ilk dəfə 20 sentyabrda dövlət suverenliyi gününü qeyd elədik-həmin gün münasibətilə və Zəfər Bayramına qədər ölkəmizdə milli həmrəylyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirmək üçün bir amnistiya aktı qəbul olunsun. Və bu amnistiya aktı dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olunmaqla digər şəxslərə şamil olunsun.

Düşünürəm ki, COP 29 ərəfəsində belə bir aktın qəbul olunması da ölkəmizin və dövlətimizin maraqlarına cavab vermiş olar, humanist bir addım kimi həm də həmin şəxslərin tərbiyələnməsinə yenidən cinayətlər törətməməsinə də bir töhfə vermiş olar”.