Erməni nazir Zaxarovanı çaşbaş saldı: “Anlaya bilmirəm” – YENİLƏNİB

***10:45

“Erməni rəhbərliyi son anda xarici işlər naziri Ararat Mirzoyanın gəlişini ləğv edərək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələləri müzakirə etməyə mane olub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Ermənistan tərəfinin mövqeyini anlamaqda çətinlik çəkdiyini bildirib:

“23 dekabr 2022-ci ildə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı görüşü planlaşdırılmışdı. Buna iki ölkənin liderləri razılıq vermişdi. Onun keçirilməsinə hər şey hazırlanmışdı. Məhz erməni rəhbərliyi son anda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın gəlişini ləğv etdi. Bu, təkcə sülh müqaviləsini müzakirə etməyə yox, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən Laçın yolunun müzakirəsinə mane oldu”.

Zaxarova qeyd edib ki, Ermənistan tərəfi konfliktin həllində maraqlı olduğunu nümayiş etdirmək istəyirsə, birgə fəaliyyət həyata keçirməyə davam etməlidir. Rusiyanın Azərbaycanla Ermənistana sülh danışıqları üçün meydança təqdim etməyə hazır olduğunu bildirən diplomat İrəvanın eyni məsələ ilə bağlı mövqeyinin tamamilə fərqləndiyini bildirib:

“Qeyd edilən mətbuat konfransının gedişində Nikol Paşinyan Rusiyanın təklifləri əsasında sənədi imzalamağa hazır olduğunu və eyni anda Qərb tərəfindən irəli sürülən kompleks həllə üstünlük verdiyini söylədi”.

Zaxarova həmçinin İrəvanın Bakı ilə sülh razılaşmasının işlənməsində Almaatı bəyanatına istinad edilməsinə 2022-ci ilin oktyabrındakı Praqa sammitində razılıq verməsinin danışıqlar prosesinin məntiqini kökündən dəyişdiyini deyib:

“Almaatı bəyanatında SSRİ respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığı təsdiqlənib. O zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkib hissəsi idi. Sözsüz ki, belə vəziyyəti Bakı və İrəvan arasındakı prosesdə görməzdən gəlmək çox çətindir”.

Aqşin
Globalinfo.az