“Zakir Qaralovun açıqlamasından sonra…” – “Nərmin işi” ilə bağlı heyrətamiz detallar

“Aydın məsələdir ki, təqsirləndirilən şəxsi ittiham etmək üçün müəyyən sübutlar ortaya qoyulur. Amma İlkin Süleymanov məsələsində faktların sübutunu ortaya qoya bilmirlər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist İlkin Muradov deyib.

O, burada ədalətli olmayan nələrinsə olduğunu bildirib:

“Məhkəmə jurnalisti Aytən Məmmədova və digər həmkarların bu işlə bağlı geniş araşdırma yazısı ilə tanış olduqdan sonra vicdanı olan hər bir vətəndaş bu mövzuya fikir bildirə bilər. Orada İlkinin saxlanılması ilə bağlı tarix dəyişdirilib. Onun hansı müddətdə saxlanıldığı və sonradan bu tarixin istintaq sənədlərində saxdalaşdırılması özü ciddi bir qüsur idi, amma üstündən keçdilər. Bundan başqa, hadisədən sonra Nərminin ailəsinin evinin təmir olunması, mebellərə qədər alınması, maddi imkanlarının yaxşılaşması göz önündədir”.

İlkin Muradov, jurnalist

Jurnalist deyib ki, Nərminin ailəsinin evinə mərmi düşmədiyi halda onlara ev tikiblər:

“Ailə deyir ki, guya ermənilərin atdığı mərmi onların evinə düşüb deyə hökumət təmir edib. Tovuz döyüşlərində ilk gündən orada olan bir jurnalist kimi onların evinə mərmi düşmədiyinə əminəm, qonşular da belə bir şeyin olmadığını bilir”

İ.Muradov vurğulayıb ki, Nərminin atası Şərif Quliyev sonradan “Qarabağ əlili” olması ilə bağlı sənəd alıb:

“Amma atanın birinci Qarabağ müharibəsində xidmətdə olduğu hərbi hissəni qanunsuz olaraq tərk etdiyinə görə hərbi hissə komandirinin əmri ilə bütün imtiyazlardan kənarlaşdırılmasına dair sübut var. Lakin istintaqa təsir edən kimlərsə onu himayə etməyə çalışır. Bu kimi faktları ortaya qoyanda artıq hər şey aydınlaşır”.

Jurnalist Nərminin 2 ay sonra tapılması haqda da fikirlərini bölüşüb:

“Deyirlər ki, kənddə 2 ay Nərmini axtarıblar. Axı necə ola bilər ki, 2 ay kənddə axtarılan uşağın meyiti həmin müddətdən sonra İlkinin evinin qarşısında yandırılmış halda tapılır?! İstintaq orqanı da deyir ki, “Nərmin İlkinin evində gizlədilmişdi”. Ortaya sual çıxır: bəs siz iki ay kimi və haranı axtarmısınız ki, Nərmin bu müddət ərzində qonşunun evində saxlanılıb?! Başqa bir məsələni də deyim. Bəzən deyirlər ki, “İlkin istintaqda etiraf edib”.

Şəxsən onlarla, yüzlərlə məhkəmə işi görmüşəm, istintaqda zorla etiraf ifadəsi alınan adam var ki, yekunda məhkəmə qərarından bəraət qazanıblar”.

İ.Muradov deyib ki, hər şey keçmiş baş prokuror Zakir Qaralovun açıqlamasından sonra başlayıb:

“İşin qanunsuz şəkildə davam etməsinin yeganə səbəbi o vaxt Zakir Qaralovun mətbuata açıqlaması oldu. O, Nərminin yoxa çıxmasından 2 ay sonra açıqlama verdi ki, məsələ prezidentin nəzarətindədir. Bu açıqlamadan cəmi bir gün sonra İlkin Süleymanov şübhəli şəxs kimi saxlanıldı. Prezidentə məruzə etmək və guya iş görürlər təəssüratı yaratmaq üçün İlkin Süleymanov tez-tələsik həbs etdilər. İndiyə kimi işlə bağlı gördüklərimə, oxuduqlarıma görə məhkəmə hökmünün qanunsuz olduğunu əminliklə deyə bilərəm. Çünki bu ölkədə çıxarılan yüzlərlə, bəlkə də minlərlə qanunsuz məhkəmə hökmləri var. Bunun əksini sübut edən varsa, gedib açıb bəraətlərə baxsınlar. İndiyə qədər korrupsiyaya görə həbs olunan hakimlərin siyahısına göz gəzdirsinlər, hər ilin sonunda Ədliyyə Nazirliyinin qanunsuz hökm çıxaran hakimlərlə bağlı verdikləri töhmət və şiddətli töhmətlərə baxsınlar. Bu kimi faktlar varsa, deməli, ölkədə məhkəmə-hüquq sistemində çox ciddi problemlər var. İlkinlə bağlı çıxarılan məhkəmə hökmü qanunsuz və ədalətsizdir! Bunu jurnalist kimi yox, bir vətəndaş kimi etiraf etməliyəm”.

Qeyd edək ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaira Akifqızı
Globalinfo.az