Yüzlərlə insanın məzarına çevrilən binanın mühəndisi tutuldu – FOTO

Bu ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə dağılan və yüzlərlə insanın məzarına çevrilən Hatayın Antakya rayonunda yerləşən “Rönesans Residence”nə görə daha bir nəfər də həbs edilib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həbs olunan “Rönesans Residence”nin mühəndisidir.

Belə ki, 2013-cü ildə tikintisi başa çatdırılan və “Cənnətdən bir köşə” şüarı ilə satılan 12 mərtəbəli, 249 mənzildən ibarət bina yüzlərlə insanın cəhənnəminə çevrilib.

Şirkətin podratçısı Mehmet Yaşar Coşkun fevralın 10-u İstanbul Hava Limanından Monteneqroya qaçarkən, tikilinin bina müfəttişi Əli Onur Çinçinoğlu isə martın 21-də həbs olunmuşdu.

Respublika Baş Prokurorluğu Zəlzələ Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində ötən gün binanın mühəndislərindən olan 47 yaşlı E.D. barəsində həbs qərarı çıxarılıb.Saxlanılan şübhəli dindirildikdən sonra məhkəmə tərəfindən həbs edilib.

Qeyd edək ki, “Hatayspor” klubunun idman direktoru Taner Savut, “Hatayspor”un futbolçusu Kristian Atsu, milli həndbolçu Camal Kütahya və 5 yaşlı oğlu da sözügedən binada zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olublar.