Yumurtanın bahalaşmasına əsas yoxdur – Açıqlama

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 2 milyard ədəd yumurta istehsal edilib, bu isə ölkədəki bu məhsula olan tələbatı tam ödəyir.

Globalinfo.az bildirir ki, bu barədəa Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

M.Həsənli bildirib ki, hazırda Rusiya bazarına yumurta ixracı [dekabr ayında 1,2 milyon ədəd yumurta tədarük edilib] artır: “Bunun daxili bazara heç bir təsiri olmayacaq. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir”.

Onun sözlərinə görə, bu ilin ilk 10 ayında Azərbaycan 2,853 milyon ABŞ dolları dəyərində 40 milyon 984,56 min ədəd toyuq yumurtası ixrac edib: “Bunun 1,86 milyon ABŞ dolları dəyərində 26 milyon 706,96 min ədədi Birləşmiş Ərəb Əmirliklərinin, 445,73 min ABŞ dolları dəyərində 6 milyon 462,36 min ədədi İraqın və 547,47 min ABŞ dolları dəyərində 7 milyon 815,24 min ədədi Qətərin payına düşüb”.

M.Həsənli qeyd edib ki, Azərbaycana, həmçinin az həcmdə yumurta idxal olunur: “2022-ci ildə ölkəyə cəmi 1,27 milyon ədəd yumurta gətirilibsə, bu ilin 10 ayı ərzində 1,5 milyon ədəd yumurta idxal olunub”.

Son günlər daxili bazardakı qiymət artımına toxunaraq, assosiasiya rəhbəri qeyd edib ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib: “Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır”.

O əlavə edib ki, Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir: “İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdandansatış qiymətlərində hər hansı dəyişiklik etməyib. Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış şəbəkələrinin sizləri aldatmasına imkan verməyin”.