Ölkədə təxribat – 16 qəpiklik “silah”a əl atan kimlərdir?

Meyvə-tərəvəz mövsümündə Azərbaycan məhsulu Rusiya bazarına ixrac edildiyi üçün xalqımız ondan doyunca istifadə edə bilmir. Ona görə ki, bəzi işbazlar Rusiyaya çıxış tapan kimi hərəkətə keçərək, öz millətimizə meyvə-tərəvəzi sözün əsl mənasında od qiymətinə satırlar. Maaşların da yüksək səviyyədə olmadığı hər kəsə məlumdur…

Bu günlərdə də Azərbaycandan Rusiyaya böyük partiyalarla yumurta göndərilməsi haqda mətbuatda məlumat dərc olundu. Bunu eşidən iş adamları dərhal qiyməti süni şəkildə artırmağa başladılar. Axı məhsulun qalığının ruslara rahat şəkildə satıldığını eşitdilər. Bunu edənlər də gözəl bilirlər ki, əhali qiyməti baha görüb almasa belə, məhsul rahat halda Rusiyaya göndəriləcək.

Rusiya Prezidenti Vladimir Putin qapı-qapı, ölkə-ölkə düşüb yumurta yığır, Belarusdan yumurta istəyir. Azərbaycan artıq 100 minlərlə yumurtanı şimal qonşumuza göndərib.

Burada yada 2011-ci ilin mart ayında Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətində təcili və fövqaladə şəkildə müşavirə keçirməsi düşür. O zaman da bəzi işbazlar yumurtanın qiymətini süni şəkildə artırmışdılar. Hətta demək olar ki, yumurta qeybə çəkilmişdi. Ölkə başçısı dərhal bu məsələnin qarşısını almaq, ölkədə narazılıq yaratmaq istəyənlərin məqsədinin həyata keçməsini önləmək üçün lazımi addımlar atdı. Sərt və qəti göstəriş verdi. Dərhal sonra yumurtanın qiyməti ciddi şəkildə endirildi.

Ümumiyyətlə, xarici ölkələrə çıxış tapan kimi, ölkədə məhsul bahalaşması, qıtlaşması sosial gərginlik yaradır. Çünki yumurta ucuz qida məhsulu olduğu üçün əhalinin əksər təbəqəsinin qida rasionunda ciddi paya sahibdir. Təəssüf ki, bəziləri yalnız öz ciblərini düşünürlər, xalqı deyil. Bəlkə də seçki öncəsi bilərəkdən bunu edirlər. Axı bəzilərinə də bu sərf edir…

Yumurta ilə bağlı folklorumuzda maraqlı məqamlar var. Yumurta boyamaq, yumurta döyüşdürmək kimi qədim ənənələr hər kəsə bəllidir. İşbazlar folklorumuzu pisə istifadə edirlər. Xalqın gözünü boyayıb, yumurta üzərindən qiymət döyüşdürmək istəyirlər.

Zaira Akifqızı
Globalinfo.az