Yük maşınlarının bu saatlarda Bakıya girişi qadağandır – DYP

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirib.

İdarədən Globalinfo.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.

İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.

Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.