Yol polisindən mopedlərlə bağlı son açıqlama: “Yalnız bu halda icazə verilir”

“Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən artıq moped idarə edən şəxslərdən də sürücülük vəsiqəsi tələb olunacaq. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 31 iyul tarixli sürücülərə müraciətində də bu məsələ vurğulanır.

Zaman-zaman moped sürücülərinin ehtiyatsızlığı üzündən müşahidə olunan narazılıqlardan sonra belə bir qərarın verilməsi cəmiyyətdə müxtəlif formalarda qarşılanıb. Bunun bəzi “Fast Food” restoranlarının işinin iflic olacağı kimi dəyərləndirənlər var. O restoranların çatdırılma xidməti əsasən velosiped və mopedlər vasitəsilə həyata keçirilir.

Bəs moped üçün sürücülük vəsiqəsi necə olur? Ümumiyyətlə bu qərarı nə zəruri edir?

Araz Əsgərli 

Globalinfo.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli avqust ayının 1-dən vəsiqələrin tələb edildiyini bildirib:

“Burada zərurət qanundan irəli gələn məsələlərin həllindən ibarətdir. Qanunda göstərilib ki, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox olan bütün növ nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmaqla “A1” sürücülük kateqosiyası ilə təmin olunsunlar. Yəni bu, qanunun tələbidir. Səbəblər, zərurətin nəyə əsaslanması isə artıq uzun müddətdir müzakirə edilir, təbii ki, bir çox səbəbləri var. Vətəndaşlara da izah edilir ki, bu hüquqi öhdəlikdir, tərəfimizdən düzgün formada icrası təmin olunmalıdır.

Motosikletlər isə əvvəl də dövlət qeydiyyatına alınırdı, uzun illərdir bu, belədir. Heç bir dəyişiklik yoxdur. Onlarda sürücülük hüquq da “A” kateqoriyasında tələb olunurdu. Yəni problem motosikletlərlə bağlı deyil. Dəyişikliklər, yeni anlayış mopedlərlə əlaqəlidir. Uzun illərdir motosikletlərlə bağlı sistem tətbiq edildiyi üçün vətəndaşlar arasında da hər hansı problem yoxdur”.

Aslan Əsədov 

Yeni qərar dəyişikliyini Globalinfo.az-a dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu məsələ dünya təcrübəsində də eyni şəkildə tənzimlənir:

“Dövlət Yol Polisinin 2023-cü il 31 iyul tarixli müraciətindən sonra Asma Mühərriki 50 kub/sm-dan böyük, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan özü gedən nəqliyyat vasitələrini idarəetmə hüququnun olub-olmaması araşdırılır və soruşulur. Yəni bu tip nəqliyyat vasitələrini idarə edənlərin sürücülük vəsiqəsinin olub-olmaması yoxlanılır. Bu sosial məsuliyyəti, ictimai məsələləri özündə ehtiva edir. Vəsiqəni əldə edən şəxslər idarəetməyə hakim olmalı, qayda və qanunlara riayət etməlidirlər. Bəzən mopedləri idarə edən şəxslər haqqında mediada və cəmiyyətdə müəyyən narazılıqlara rast gəlirdik. Artıq onların idarəetməsi ilə bağlı müəyyən mənfi rəy formalaşmışdı.

Yeni qərar beynəlxalq təcrübəyə uyğundur. Digər xarici ölkələrə nəzər saldıqda görürük ki, bu tipli nəqliyyat vasitələrinin idarə edilməsi üçün mütləq şəkildə sürücülük vəsiqəsi tələb edilir. Kateqoriya olaraq “A1” səviyyəsi mopedləri idarəetməyə imkan yaradır. Qeyd etdiyim amillər bu qərarın verilməsini zəruri edirdi”.

Ayşən Mustafa
Globalinfo.az