israil 1

İsrail Türkiyə ilə dərinləşən diplomatik böhran fonunda İstanbuldakı konsulluğunu bağlamaq imkanını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Ynet Global” nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyədə işləmək üçün təyin olunan israilli diplomatlar hazırda Bolqarıstandadır. Artıq ölkədə olan əməkdaşlar isə fəaliyyətlərini evdən davam etdirirlər.

İsrail mətbuatının yazdığına görə, Təl-Əvivdəki bəzi rəsmi şəxslər İstanbuldakı boş qalan konsulluq binasının əlavə maliyyə yükü yaratdığını düşünürlər. Digərləri isə xəbərdarlıq edirlər ki, diplomatik nümayəndəliyin bağlanması gələcəkdə onun yenidən açılmasını çətinləşdirə bilər. İstanbulun işgüzar mərkəzlərindən birində yerləşən konsulluqda çalışan diplomatlar İsrail ilə HƏMAS arasında 7 oktyabr 2023-cü ildə başlayan müharibədən sonra geri çağırılıblar. İsrailin Ankaradakı səfirliyinin əməkdaşları da Təl-Əvivə göndərilib. Həmin vaxtdan etibarən həm səfirlikdə, həm də konsulluqda yalnız türkiyəli əməkdaşlar çalışırlar.

Əgər konsulluğun bağlanması ilə bağlı qərar qəbul olunarsa, Ankaradakı səfirlik İsrailin Türkiyədəki yeganə rəsmi diplomatik nümayəndəliyi olaraq qalacaq.

Xatırladaq ki, Qəzzaya endirilən İsrail zərbələrinin başlanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında sərt söz savaşı başlayıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da pisləşib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: