Yeni Zelandiyada 100 ildən sonra bir ilk…

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, balalar bu quşun populyasiyasının bərpası üzrə tədbirlər nəticəsində Vellinqton yaxınlığında yumurtadan çıxıblar.

“The Guardian”ın məlumatına görə, xovlu və uça bilməyən kivilər Yeni Zelandiyanın ən həssas quşlarıdır, təbiət mühafizəçilərinin fikrincə, artıq bir neçə nəsildir ki, bu quş növü paytaxtda yoxdur.

“Capital Kiwi Project” təşkilatının məşğul olduğu kivilərin populyasiyasının bərpası layihəsi ötən il 11 quşun Makarada dərə-təpəli kənd təsərrüfatı yerlərinə buraxılması ilə başlayıb. Sonra bir neçə ay ərzində təxminən 50 ədəd də buraxılıb. Mütəxəssislərin planına əsasən, yaxın 5 ildə populyasiyaya daha 200 kivi qoşulacaq.

Qeyd olunur ki, əvvəllər Yeni Zelandiyada 12 milyona yaxın xovlu kivi məskunlaşıb, lakin ölkəyə gətirilən yırtıcılar populyasiyanı əhəmiyyətli şəkildə azaldıb. Bərpaetmə işlərinə başlanmazdan əvvəl burada quşların sayı kritik səviyyəyə – 68 minə çatıb.