ehali

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması sürətlə davam edir. Son sutkada yoluxanların sayı daha 48 nəfər artaraq 1203-ə, ölənlərin sayı isə 17 nəfər artaraq 321-ə yüksəlib. Hazırkı epidemiya mayın 15-də ölkənin şərqində, İturi əyalətində başlayıb. Qonşu Uqandada da virusa yoluxma və ölüm halları qeydə alınıb.

Ebola virusunun Azərbaycana yayılma riski nə dərəcədə realdır? Belə bir təhlükə yaranacağı təqdirdə ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac ola bilərmi?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, Ebola kifayət qədər təhlükəli viruslardan biridir:

“Bu virusun ölüm, yəni letallıq göstəricisi 50 faizdən yuxarıdır, bəzi hallarda isə 70 faizə qədər yüksələ bilir. Virusun təbii rezervuarı əsasən meyvə yarasaları hesab olunur. İnsanlar həmin yarasaların bioloji mayeləri ilə təmas zamanı yoluxa bilərlər. Bəzi ölkələrdə meyvə yarasalarının ətindən qida kimi istifadə olunur və ya onların təmasda olduğu meyvələr yeyilir ki, bu da yoluxma riskini artırır. Təbii rezervuar mövcud olduğu üçün Ebola virusu ilə bağlı vaxtaşırı epidemiyalar qeydə alınır. Virus həmçinin primatlarda, yəni meymunlarda da müşahidə olunur və onlardan da insana keçə bilir. İnsan yoluxduqdan sonra xəstəliyin gizli, yəni inkubasiya dövrü üç həftəyə qədər davam edə bilər”.

A.Qeybillanın sözlərinə görə, klinik əlamətlərin nə vaxt başlayacağı orqanizmin immun sistemindən də asılıdır:

“Xəstəliyin ilk əlamətləri baş ağrısı, əzələ ağrıları, yüksək hərarət, güclü halsızlıq, ürəkbulanma və qusma ilə başlayır. Daha sonra ümumi intoksikasiya əlamətləri fonunda ağır qanaxmalar inkişaf edir. Xüsusilə mədə-bağırsaq traktından baş verən qanaxmalar ölümün əsas səbəblərindən biri hesab olunur. Xəstənin hərarəti yüksək olduqda qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə məqsədəuyğun sayılmır. Çünki bu preparatlar qanaxma riskini artıra bilər. Hərarətin salınması üçün əsasən parasetamoldan istifadə olunur”.

adil qeybulla esas

Adil Qeybulla

Professor bildirib ki, hazırda Ebola virusuna qarşı effektiv vaksin mövcuddur:

“Bu vaksin həm Dünya Səhiyyə Təşkilatı, həm də ABŞ-nin müvafiq tənzimləyici qurumları tərəfindən təsdiqlənib və profilaktik məqsədlə, yəni sağlam şəxslərin xəstəliyə yoluxmasının qarşısını almaq üçün tətbiq edilir. Bununla yanaşı, hazırda Ebola virusunun müalicəsində istifadə olunan iki monoklonal anticisim preparatı da mövcuddur. Onlar xəstəliyin müalicəsində effektiv nəticə verir”.

Ebola virusu Azərbaycana gələ bilərmi sualına gəlincə isə, Adil Qeybulla deyib ki, bəli, belə bir ehtimal həmişə var:

“Çünki biz qloballaşan dünyada yaşayırıq. Beynəlxalq hava nəqliyyatı vasitəsilə yoluxmuş şəxs xəstəliyindən xəbərsiz şəkildə ölkəyə daxil ola bilər və sonradan onda klinik əlamətlər meydana çıxa bilər. Ebola virusu insandan insana yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə təmas zamanı keçir. Xüsusilə yaxın və sıx təmas yoluxma riskini artırır. Buna görə də gigiyena qaydalarına əməl olunmadıqda və səhiyyə sisteminin imkanları zəif olduqda epidemiyanın yayılma riski yüksəlir”.

A Qeybulla onu da əlavə edib ki, hazırda bir çox ölkədə və Dünya Səhiyyə Təşkilatının koordinasiyası ilə epidemioloji nəzarət tədbirləri gücləndirilib:
“Mən hesab etmirəm ki, Ebola virusu Azərbaycanda genişmiqyaslı epidemiya yarada bilər. Lakin istənilən halda sərhəd-keçid məntəqələrində epidemioloji nəzarət və monitorinq tədbirləri daim yüksək səviyyədə saxlanılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: