Yeni ildən dollar bahalaşacaqmı? – İqtisadçı açıqladı

Son günlər 2023-cü ildən Azərbaycan manatının dollar qarşısında dəyər itirəcəyi ilə bağlı xəbərlər yayılır. Artıq bu barədə sosial şəbəkələrdə də müzakirələr aparılır və növbəti devalvasiya riskləri haqda fikir yürüdülür.

Bəs görəsən, yeni ildə Azərbaycanda devalvasiya gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli yayılan xəbərlərin doğru olmadığını deyib:

“Gələn il üçün dolların bahalaşması ilə bağlı hər hansı bir gözlənti yoxdur. Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Əgər məzənnə rejimi inzibati qaydada tənzimlənirsə və hökumətin nəzarətindədirsə, demək, bu da neftin qiymətindən asılıdır. Azərbaycan manatı “kağız neft” deməkdir. Neftinsə qiyməti çox yüksəkdir, gələn il də yüksək olacağı ehtimal olunur. Çünki geosiyasi risklər var və Rusiyaya qarşı sanksiyalar davam edir. Ona görə də nə qədər ki neftin qiyməti yüksəkdir, manatın məzənnəsinə hansısa təhlükənin yaranacağını düşünmürəm”.

Zaira Akifqızı
Globalinfo.az