“Fransanın Cənubi Qafqaz regionuna marağı erməni diasporunun hakimiyyətə təzyiq faktoru ilə bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu alman politoloq Aleksandr Rar deyib.
Politoloq Fransanın Cənubi Qafqazla bağlı mövqeyinə aydınlıq gətirib:
“Artıq müstəqil Fransa və ya müstəqil Almaniya siyasəti yoxdur. Avropa ölkələri geosiyasi məsələləri birgə həll etməyin vacibliyi mövzusunda həmfikirdirlər. Qafqazda baş verənlər isə çox ciddi geosiyasi proseslərdir. Fransa Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistanla bağlı siyasətinə paralel olaraq bu ölkələri fərdi şəkildə dəstəkləyə bilməz.
Qərbin Cənubi Qafqazda təsiri son dərəcədə zəifdir. Ona görə də düşünməlidir ki, Rusiyanı regiondan sıxışdırmaq cəhdlərinin sonu pis ola bilər. Hesab edirəm, Avropa kütləvi köçə səbəb olacaq yeni qaynar nöqtə istəmir. Ona görə də Aİ hər vəchlə Cənubi Qafqazda Rusiya və Qərb arasında Ukrayna kimi ikinci qarşıdurma nöqtəsi olmamasına çalışır”.
“Əgər Avropa müharibəyə son qoymaq istəsəydi, Aİ rəsmiləri Ermənistan və Azərbaycan sərhədinə gələrək bu münaqişəni dondurmaq deyil, həll etmək niyyətlərini göstərərdi. Lakin düşünürəm ki, bu gün avropalılar Qafqazda nə edəcəklərini bilmirlər, onların konsepsiyası və resursları yoxdur. ABŞ-ın öz geosiyasi maraqları var, lakin Aİ ölkələri başa düşür ki, onların qüvvələri yalnız Ukrayna üçün kifayətdir”, – Rar bildirilib.
Ayşən Mustafa
Globalinfo.az