Yeni avtobus zolaqları tıxac dərdimizə dərman olacaq?

Son vaxtlar nəqliyyatın idarə edilməsi sahəsində bir-birinin ardınca qəribə təcrübələr aparılır. Pis olan odur ki, bu təcrübələrin əksəriyyəti vətəndaşın həyatını daha da çətinləşdirir. Burada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklama proyektini misal göstərmək olar.

Bu gün isə bəzi yollarda avtobus zolağı çəkilir. Bəli, avtobus xətlərinin ümumi nəqliyyat axınından ayrılması üçün yol-nəqliyyat infrastrukturu dəyişməlidir. Bəs Bakıda yeni avtobus zolaqları yaratmaq tıxacın, avtobusların gecikməsinin qarşısını alacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, avtobus zolaqlarının çəkilməsi sırf ictimai nəqliyyatın inkişafı ilə bağlı olan bir məsələdir.

Elməddin Muradlı

O bildirib ki, ictimai nəqliyyatın rahat və fasiləsiz hərəkət etməsi üçün bu, vacibdir:

“Bir çox ərazilərdə, xüsusən də Abşeron yarımadasının kəndlərinə, qəsəbələrinə səfər sayları intensiv və rahat olmalıdır. Bununla bağlı hansısa addım atılacaqsa, ilk növbədə ictimai nəqliyyatın hərəkəti üstünlük təşkil etməlidir. Düşünürəm ki, bunun müsbət nəticələri olacaq.

Bu zolaq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən Avtovağzala qədər yaradılmışdı, indi də əks istiqamətdə çəkilir ki, bu paralellik qorunsun. Kimsə bunu narahatlıq kimi qəbul edirsə, amma yüzlərlə, minlərlə insan rahatlıq kimi qəbul edir. Bu gün avtobusdan istifadə edən Xırdalan sakinlərinin demək olar ki, tıxac məsələsi öz həllini tapır. O baxımdan hesab edirəm ki, bununla bağlı işləri daha da genişləndirmək lazımdır”.

E.Muradlı deyib ki, bu işlər nə qədər inkişaf etdirilsə, genişlənsə, avtobuslar daha rahat hərəkət etsə, o zaman ictimai nəqliyyatın inkişafına maraq göstərənlərin sayı daha da artmış olacaq:

“Belə olan halda biz inkişafdan, bu sahənin genişlənməsindən danışa bilərik. İnsanlarımıza “şəxsi avtomobildən deyil, ictimai nəqliyatdan istifadə edin” sözünü daha ürəklə deyə bilərik. Bu gün onu deyə bilmirik. Çünki bu sahədə böyük inkişaf yoxdur. Lakin zolaqlar, imkanlar, şərait yaradıldıqca, avtobuslara maraq daha da artacaq. O zaman inkişaf göz önündə olacaq.

Zolaq çəkilməsinin heç bir ziyanı yoxdur. Əksinə, inkişaf üçün daha yaxşıdır”.

Zaira Akifqızı
Globalinfo.az