Yəmən ordusu son 24 saat ərzində husilərin mövqelərinə qarşı 257 dəqiq hədəfləmə əməliyyatı keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordudan məlumat yayılıb.
Bildirilib ki, əməliyyatlar zamanı azı 700 husi öldürülüb və ya zərərsizləşdirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Məcid Abdullah ən-Nəzili deyib ki, hücumlarda döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub.
Onun sözlərinə görə, zərbələr Səna, Midi, Baqim, Əl-Cəvf, Marib, Əl-Beyda və Lahic istiqamətlərini əhatə edib. Əsas hərbi əməliyyatlar isə Taiz cəbhəsində aparılıb.
Ordunun məlumatına əsasən, hücumlar nəticəsində husilərə məxsus 170 hərbi maşın və digər texnika məhv edilib. Hədəflər arasında komanda-idarəetmə mərkəzləri, silah-sursat anbarları, hərbi təchizat xətləri və döyüş mövqeləri olub.
Bu arada, Taiz ətrafında şiddətli toqquşmalar davam edir. Döyüşlər və atəşə tutulma səbəbindən bölgədə sakinlərin ərazini tərk etdiyi, mülki əhali arasında da itkilərin olduğu bildirilir.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər son aylarda yenidən intensivləşib.