Yazıçı Rafiq Tağının qətl işi yenidən araşdırıla bilərmi? – Hüquqşünas istintaqdan danışdı

İranda səfirliyə qarşı terror aktından sonra keçmişdə izi itirilən (istintaqı nəticəsiz qalan) başqa bir cinayət xatırlanır. Belə ki, 12 il öncə müstəqil yazıçı Rafiq Tağının İranlı ayətullaların hökmü ilə öldürüldüyü deyilirdi. O vaxt bu sui-qəsdin icraçıları və sifarişçiləri ifşa edilmədi.

Qeyd edək ki, “Azərbaycanın Çexovu” adlandırılan tanınmış həkim-yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda işdən evə gələrkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanada müalicə edilsə də, həyatını qurtarmaq mümkün olmayıb. Rafiq Tağının qətlinə görə heç kim məsuliyyəti öz boynuna göturməmiş, lakin çoxları belə düşünür ki, Rafiq Tağı İslamı tənqid etdiyinə görə hədəfə alınıb.

Hüquqşünas Elçin Sadıqov Globalinfo.az-a bildirib ki, Rafiq Tağının qətli ilə bağlı istintaqın səmərəli aparılmaması barədə Avropa Məhkəməsinin qərarı var:

Elçin Sadıqov

“Avropa Məhkəməsi Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb və qeyd edib ki, Rafiq Tağının istintaqı səmərəli aparılmayıb. R.Tağı qətlə yetirilən vaxt təxminən 42 ya da 43 kamera görüntüləri vardı. Hətta onların birinə qatilin düşdüyü də qeyd olunmuşdu. Mən həmin vaxt Avropa Məhkəməsinə şikayət edəndə bildirmişdim ki, kamera görüntülərinə əsasən qatili müəyyən etmək mümkündür. Həmin vaxt düşünürəm ki, istintaq ona görə səmərəli aparılmamışdı ki, hökumət Azərbaycanla İranın münasibətlərinin gərginləşməsini istəmirdi”.

E.Sadıqovun sözlərinə görə, ancaq məlum hadisələrdən sonra artıq görünür ki, İran terrorçu mahiyyətini dəyişmir:

“Ona görə də hesab edirəm ki, Avropa Məhkəməsinin həmin qərarı nəzərə alınmaqla Rafiq Tağı ilə bağlı icraat təzələnməli, səmərəli istintaq aparılıb, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Məsələ ilə bağlı Globalinfo.az Baş Prokurorluğa sorğu göndərib. Sorğuya cavab verildiyində dərc edəcəyik.

Qeyd edək ki, Rafiq Tağı “İran və qloballaşma” başlıqlı məqaləsində İslamı, İranı və bu ölkədə hökm sürən dəyərləri çox sərt şəkildə tənqid etmişdi. Ölümündən bir neçə gün əvvəl xəstəxana yatağında olarkən verdiyi müsahibəsində Rafiq Tağı iddia etmişdi ki, həmin məqalə ona qarşı olan qəsdin səbəbi ola bilər.

2006-cı ildə Rafiq Tağı “Avropa və biz” adlı məqalə yazmışdı. Bu məqalədə o İslamı tənqid edir və deyirdi ki, din bəzi müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın, iqtisadi və siyasi inkişafı üçün maneələr yaradır. Bəzi dini liderlər buna çox tez reaksiya verdilər. İranda böyük ayətulla Fazel Lənkərani onun ölümünə fitva vermiş, Azərbaycanda isə onu islamçılar hədələmişdir. Rafiq Tağı bu məqaləyə görə üç il müddətinə azadlıqdan məhrum edildi, lakin məhbəsdə cəmi səkkiz ay keçirdi. Beynəlxalq ictimaiyyətin tələbindən sonra o, daha dörd jurnalist ilə birlikdə prezident tərəfindən əfv olundu.

Gülnar Səlimova

Globalinfo.az