“Yaxşı pul götürsə, mənə böyük ad günü keçirəcəkdi” – “Bravo” işi

“Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə araşdırması davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlə bağlı sonuncu şahidlər dindirilir.

Bu iş üzrə 5 nəfər-Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov mühakimə edilir. Sonuncu ikisi istisna olmaqla, digərləri həbsdədir.

Budəfəki iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun dostu Xandadaş Cəfərov ifadə verib. İttihamda yazılır ki, Dəyanət cinayət planlaşdırması barədə əvvəlki günlərdə onunla danışıb.

Lakin şahid məhkəmədə istintaq dövründə verdiyi ifadəni tam xatırlamadığını deyib: “Dəyanətlə 15 ay əsgərlikdə bir yerdə olmuşuq. Ordan tanıyırıq bir-birimizi… Hadisə barəsində isə mən sosial şəbəkələrdə oxudum. Yadımdadır ki, sonuncu dəfə danışdıq, dedi rayona gedirəm görüşək, vaxt olmadı”.

Şahidin əvvəl dediklərini xatırlamaması, sədrlik edən hakim Azad Məcidovu hiddətləndirib: “Sən istintaqa geniş ifadə vermisən, cinayətdən xəbərin olub. Necə ola bilər ki, yadından çıxarasan?!”

Şahidin istintaq dövründə verdiyi ifadəsi elan edilib. X.Cəfərov müstəntiqə ifadəsində deyib ki, Dəyanət hadisə barəsində əvvəlki günlərdə onunla söhbət edib, “partlayış” hadisələr törədəcəyini və böyük pul qazanacağını deyib: “Dəyanətlə vatsapla danışırdıq. Mən əvvəl onun dediklərini zarafat kimi qəbul etdim. Deyirdi ki, gün gələcək, böyük işlər görəcəyəm, sən də bunun şahidi olacaqsan. Yaxşı pul götürəcəyi halda mənə böyük ad günü keçirəcəyinə də söz verdi. Sonra mənə avtomat silahın şəklini atdı. Bu silahla iş görəcəyini dedi. Dedi işi görəndən sonra rayona qaçacaq, mənə də ad günü keçirəcək. Sonra da yazdı ki, əgər həbs olunsam, türmədə yanıma gələrsən, mənə siqaret gətirərsən. “Bravo”da baş verən hadisədən sonra Dəyanət yenə mənə yazdı. Dedi ki, bir hadisə baş verdi, indi hamı məni axtarır. Səninlə olan yazışmalarımı sil, əsas pul idi, onu da götürdüm. Dedi ki, rayona gedirəm, gəl, “Koroğlu”da görüşək. Həmin vaxt mən yenə də işdə olduğum üçün onunla görüşə gedə bilmədim”.

Şahidin cinayətin təşkili barəsində əvvəldən bu cür məlumatları bilməsi və məsuliyyətə cəlb edilməməsi hakimi təəccübləndirib: “Bu ağır cinayətin törədələcəyini bilib, əvvəlcədən hüquq-mühafizə orqanlarına məlumat vermədiyi təsdiq olunur. Niyə ayrıca cinayət işi açılmayıb? Təəccüblüdür”.

Hakim prokurora müraciət edərək şahidin ağır cinayətdən xəbərdar olub məlumat verməməsi haqda rəhbərliyinə məlumat verməsini tələb edib. Hakim eyni zamanda yekun hökmdə bu məsələyə qiymət veriləcəyini qeyd edib.

Növbəti proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martında qeydə alınıb. Basqında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Əməliyyatla Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib.