Hüseynzadənin edamı: İranla Azərbaycan barışır, yoxsa?..

“Yasin Hüseynzadənin edam olunacağı barədə məlumatlar Azərbaycan informasiya məkanında son günlər daha geniş şəkildə yayılmağa başlayıb. İran bu hərəkətlə Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu sübut etmək istəyir”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadənin edam olunması iddiasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Yasin Hüseynzadənin edam ilə məsələ bitmiş hesab olunmayacaq:

Əlimusa İbrahimov

“Düşünmürəm ki, Azərbaycan Yasinin edam olunmasında maraqlı ola bilər və ya bu edam aktı həyata keçirildikdən sonra diplomatik münasibətlər əvvəlki məcrasına qayıdar.

İran Azərbaycanla münasibətlərin bərpa edilməsində maraqlı olsaydı, hüquq-mühafizə orqanlarımızın istintaqda iştirakını təmin edərdi. İranın birgə istintaqın aparılmasına icazə verməməsi və bu sahədə əməkdaşlıqdan qaçması hadisənin sifarişçilərinin azadlıqda olduğu fikrini gücləndirir.

Azərbaycan bu hadisəni hələ uzun müddət gündəmdə saxlayacaq və diplomatlarımızın təhlükəsizliyinə tam əmin olmadan münasibətləri əvvəlki vəziyyətə qaytarmayacaq. İndiki şəraitdə bu, mümkün görünmür”.

Turan Rzayev
Globalinfo.az