Yaşayış minimumu və pensiyalar artırılmalıdır – Qüdrət Həsənquliyev

Gələn il ölkədə seçkilər keçiriləcək. Buna görə də siyasi partiyalara ayrılan vəsait artırılmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, vətəndaş məmnunluğuna söykənən sabitliyi təmin etməsək, həm sabitlik, həm də dövlətin təhlükəsizliyi üçün gizli təhlükələr olacaq: “Ölkədə yaşayış minimumunun həddi artırılmalıdır. Pensiyaların həcmi çox azdır. Bu vəsait pensiyaçıya yavan çörək almağa bəs edir, yoxsa yox? Bizdə hazırda işsizliyin həcmi yuxarıdır. Həm işsizliyə görə müavinətlərin, həm də ünvanlı sosial yardımın məbləğini artırmalıyıq”.

Komitə sədri Əli Hüseynli isə bildirib ki, keçən il bütün hakimiyyət qollarında əməkhaqqı artımı üçün qanunlar qəbul edilib: “Bu gün artırılmış əməkhaqqından sonra demək olmaz ki, məhkəmə hakimləri əməkhaqqılarından narazıdır”.