Bu günə qədər “YAŞAT” Fondunun xətti ilə 19 268 şəhid ailə üzvü və müharibə əlilləri, qazilərimizin 110 minə yaxın müraciəti, məsələsi həll olunub. Bunun üçün 96 milyon manata yaxın vəsait xərclənib. Bu gün müalicə ilə bağlı hər hansı bir problem yoxdur, ən azı bizə belə bir müraciət daxil olmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Teleqraf İnformasiya Agentliyi və “Baku TV”yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, “YAŞAT” fəaliyyətə başlayanda şəhidlərimizin ailə üzvlərinin, müharibə əlillərinin o dövrə olan kreditlərinin ödənilməsini, mənzil təmiri, məişət avadanlıqları ilə təmin olunma, müəyyən təhsil xərclərinin ödənilməsi ilə bağlı fəaliyyəti həyata keçirirdi.
Dövlət Agentliyinin sədri bildirib ki, Fond son dövr yalnız müalicə ilə bağlı xidmətlərə fokuslanıb:
“Bunun səbəbi də odur ki, birincisi, o dövr üçün olan kreditlər artıq yoxdur, bağlanıb. Məişət şəraitinin yaxşılaşdırılması dövlətin xüsusi diqqət və nəzarətindədir. Təhsillə bağlı məsələyə gəlincə, bilirsiniz həm şəhid ailə üzvləri, övladları, həm də müharibə əlilləri təhsil haqlarından azaddır.
Buna görə də “YAŞAT” Fondu müalicəyə köklənib. Müalicədə də çox vacib bir məsələ ondan ibarətdir ki, artıq icbari tibbi sığorta üzrə xidmətlər zərfi var, mütləq əksəriyyətin müalicə xərcləri sığorta zərfinə daxildir.
“YAŞAT” o zaman müdaxilə edir ki, hansısa problem, xəstəlik, sağlamlıqla bağlı vəziyyət icbari sığorta zərfində yoxdur. O zaman artıq “YAŞAT” Fondunun vəsaiti ilə əməliyyat oluna bilir, müalicə xərcləri, dərman vasitələri ilə təminat və s. həyata keçirilir”.