YAP-ın deputatlığa namizədi qaydanı pozub? – FOTO

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Anar Məmmədovun avqustun 8-də – seçkiqabağı təşviqat kampaniyasının başlamasından bir gün əvvəl təşviqat materiallarını lövhələrə yerləşdirdiyi iddia edilir.

Məsələ ilə bağlı Globalinfo.az Anar Məmmədovla əlaqə saxlamağa çalışıb, lakin telefona cavab verən şəxs deputatlığa namizədin bu haqda danışmaq istəmədiyini bildirib.

Mövzunu saytımıza şərh edən Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, seçki üzrə mütəxəssis Vəli Əlibəyov belə halla qarşılaşmadığını bildirib:

“Əminliklə deyə bilmərəm ki, belə hal həqiqətən də baş verib, yoxsa rəqiblərinin yaydığı yalan məlumatdır. Əgər baş veribsə, birmənalı olaraq qanun pozuntusudur. Bu halla bağlı rəqibləri MSK-ya müraciət edərlərsə və dedikləri təsdiqlənərsə, namizədə qarşı sərt tədbirlər görülə bilər. Ümumiyyətlə, mənim şəxsi müşahidələrimə görə, təbliğat kampaniyası başlamazdan əvvəl bir çox namizəd qeydiyyata alındıqdan sonra internet üzərindən seçki qanunvericiliyinə zidd sayıla biləcək paylaşımlar ediblər. MSK bütün bu kimi halları araşdırmalı və müvafiq qərarlar qəbul etməlidir. Çünki belə hallar seçki prosesinə etibarı azaldır”.

Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

Zaira Akifqızı
Globalinfo.az