YAP-çı deputat Anar Əsədlinin həbsindən danışdı: “…hüququ şantaj edərək”

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli dələduzluqda təqsirləndirilərək barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlayıb. Onun həbsi tanışları Oqtay Qasımov, İlham Hüseynov və digər iki nəfərin şikayətləri əsasında baş tutub.

AY Partiyadan isə Anar Əsədlinin kimsənin bir qəpik pulunu mənimsəmədiyi, ittihamı qəbul etmədiklərini, hətta A.Əsədlinin həyatının insanlara yaxşılıq etmək və xeyriyyəçiliklə çox zəngin olduğunu bildiriblər.

Bəs partiya sədri niyə həbs olunub?

Anar Əsədli

Anar Əsədlinin həbsi müxtəlif aspektlərdən müzakirə olunur. Burda siyasi amilin rol oynadığını deyənlər də var. Yeri gəlmişkən, Anar Əsədlinin 150 min dollar borclu olduğu Oqtay Qasımov ötən gün məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, A.Əsədliyə şərikli biznes qurmaları üçün verdiyi 150 min dolları geri ala bilmədiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. O.Qasımov deyib ki, A.Əsədli borcu qaytarmayacağını bildirdikdən sonra hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Hikmət Babaoğlu bildirib ki, hüquqi məsuliyyət yaradan hərəkət yolverilməzdir.

O bildirib ki, qanun hamı üçün eynidir:

“Ümumiyyətlə, siyasi mənsubiyyətindən, yaxud statusundan asılı olmayaraq hamı qanun qarşısında bərabərdir və heç kəsin qanunu pozmağa haqqı yoxdur. Siyasi partiya sədri hər şeydən öncə vətəndaş olaraq davaranışlarına görə qanun qarşısında məsuliyyət daşıyır.

Ortada konkret ittiham və iddiaçı olduğu halda hər şey hüquqi müstəvidə həll edilməlidir. Cavabdeh şəxs xüsusilə əgər partiya sədridirsə, öz siyasi imicinin qorunması xatirinə məsələnin məhz hüquq müstəvisində həll edilməsində maraqlı olmalıdır. Amma təəssüf ki, bir çox hallarda biz məsuliyyətdən yayınmaq üçün hüquqi hadisənin siyasiləşdirilməsinin şahidi oluruq. Normal siyasətçilər belə hallarla üzləşdikdə hüquqi mexanizmin obyektiv işləməsi üçün siyasi fəaliyyətlərini bir müddət dayandıraraq hüququn önünü açırlar ki, istintaq prosesində ədalətə kölgə düşməsin. Çünki siyasətçi onun təmiz olduğunu təsdiq etməsi üçün maraqlı olur. Bundan sonra isə o, cəmiyyətə günahsız siyasətçi kimi müraciət edərək öz siyasi karyerasını davam etdirə bilər. Siyasət şəffaflığı sevir.

H.Babaoğlu deyib ki, bizdə bəzən siyasətçi hər cür qanun pozuntusuna yol verə biləcəyini və siyasət vasitəsilə hüququ şantaj edərək məsuliyyətdən yayınacağını düşünür:

“Görünür Anar Əsədli də siysətin məntiqi və məqsədini bunda görür. Əgər belə deyilsə, o zaman dediyim kimi, hüquq prosesi başa çatana qədər müvəqqəti olaraq öz siysi fəaliyyətini dayndırsın.

Azərbaycan cəmiyyəti kifayət qədər savadlı cəmiyyətdir və belə siyasi istismarı artıq ikrahla qarşılayır. Təəssüf ki, bəzi sosial şəbəkə fəalları və internet video resurslar siyasi yüksəlişimizin qarınaltı yükünə çevrilib. Yəni onu geriyə çəkməyə çalışırlar ki, bu da məqsədyönlü olaraq xüsusi mərkəzlər tərəfindən edilir. Bunu Azərbaycanda bilməmiş, dərk etməmiş siyasi fəal, fərd qalmayıb. Yaxşı ki, idarə olunan süni ictimai fəallar siyasi sistemimizin keyfiyyətinə təsir edəcək miqyasda deyillər və hər gün onların sayı bir qədər daha da azalır”.

Zaira Akifqızı
Globalinfo.az