“İnvestisiya fəaliyyəti haqqında” qanunun bu formada qəbul olunmasının investisiya mühitinə mənfi təsir göstərə və ölkəyə sərmayə axınına ciddi zərər vuracaq. Bu cür yanaşma mülkiyyət toxunulmazlığı prinsipinə də risk yaradır. Son illərdə ölkəyə yatırılan investisiyaların azalması, həmçinin ölkəyə daxil olan və ölkədən çıxan maliyyə vəsaitlərinin həcmi göstərir ki, mövcud tendensiya iqtisadi təhlükəsizlik baxımından narahatlıq doğura bilər.
Globalinfo.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib.
O vurğulayıb ki, Azərbaycan Konstitusiyasına əsasən, mülkiyyətdən dövlətin mənafelərinə zidd şəkildə istifadə edilməsinə yol verilə bilməz:
“Biz ABŞ-la məlumat bazalarının yaradılması və yeni texnologiyaların gətirilməsi kimi layihələr həyata keçirməyə hazırlaşırıq. Deməli, sonradan informasiya təhlükəsizliyi ilə bağlı risklər əsas gətirilərək investorlara fəaliyyətlərini dayandırmaq və vəsaitlərini geri götürmək tövsiyə olunarsa, bu, ölkənin investisiya imicinə ciddi zərbə vura bilər.
Yadımdadır, 1992–1993-cü illərdə Bakı şəhərində bəzi yanacaqdoldurma məntəqələrində yanacaq olmasına baxmayaraq satışın məhdudlaşdırılması ilə bağlı cinayət işləri qaldırılmışdı və bu hallar kütləvi narazılıq yaratmışdı. Bu məntiqə əsaslanarsa, yanacaqdoldurma məntəqələri, çörək zavodları, dəyirmanlar və digər müəssisələr də strateji əhəmiyyətli obyektlər kimi qiymətləndirilə bilər.
Belə yanaşma nəticəsində istənilən biznes fəaliyyəti üçün “dövlət maraqlarına zərər vura bilər” arqumentinin irəli sürülməsi mümkündür ki, bu da investorların etimadına mənfi təsir edər. Bu səbəbdən məsələyə son dərəcə həssas və diqqətli yanaşmaq vacibdir”.
Safura Bənnayeva
Globalinfo.az