Xocavənddə partlayış: yaralanan var – YENİLƏNİB

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib. Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

“ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!”, məlumatda deyilir.

***12:30

Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakimi Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub:

“Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”.

***11:00

Fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.