Xocavənd ərazisində qarşıdurma: 7 erməni həbs edildi…

Azərbaycan Respublikasının Xocavənd rayonunun Rusiyanın müvəqqəti (!) nəzarətində qalan hissəsindəki Çartar kəndində məskunlaşdırılmış ermənilər arasında qarşıdurma yaranıb.

Globalinfo.az Moderator.az-a istinadən xəbər verir ki. bu haqda Ermənistanın “Aykakan Jamanak” nəşri məlumat yayıb.

Məlumata görə,  qarşıdurma talonsuz benzin almağa cəhd edən bir qrup ilə  yanacaqdoldurma məntəqəsinin işçiləri arasında mübahisə zamanı yaranıb. Separatçı-terrorçu rejimin qanunsuz “polis”ləri tərəfindən 7 nəfər həbs edilib.

“Bir qrup sakinin ictimai asayişi qəsdən pozması, zor tətbiq etməsi faktı ilə bağlı… cinayət işi başlanıb” – xəbərdə belə deyilir.

Xatırladaq ki, 2022-ci ilin 12 dekabrında Azərbaycanın eko-fəalları Şuşa-Xankəndi yolunda məlum aksiyaya başladıqdan bir müddət sonra Xankəndindəki separatçı-terrorçu rejim guya “blokada”da olmaları səbəbi ilə əhaliyə bir sıra əsas ərzaqlarla yanaşı, benzini də talonla verməyə başlayıb…

Zəruri arayış:

Çartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Hazırda Rusiya “sülhməramlı”larının nəzarəti, separatçı-terrorçu rejimin əlindədir.

Çartar kəndi Xocavənd şəhərindən 17 kilometr, Xankəndidən 78 kilometr, Bakıdan isə 380 kilometr məsafədədir.

İşğal dövründə separatçı xunta kənddə müəyyən abadlıq və tikinti işləri aparıb və Çartara “şəhər” statusu verib.

2020-ci ilə olan məlumata görə Çartarda 2316 nəfər erməni yaşayır.