xinler 9911

“Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin IX görüşündə imzalanan bəyannamə, qənaətimə mahiyyətinə görə bu günə qədər üç ölkənin sözügedən təsisatlarını tərəfindən qəbul edilən ən geniş və ətraflı bir sənəd kimi qəbul oluna bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, hər üç ölkənin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi ifadə etmələri olduqca mühüm addımdır:

“Mövcud geosiyasi reallıqlar və bu reallıqların regiona sıçrayan amilləri müstəvisində Azərbaycan, Türkiyə və Gürcüstanın vahid mövqedə dayanmaları, bu günədək hər üç ölkəyə fayda gətirən əməkdaşlıqlarını davam etdirmələri olduqca vacibdir. Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın sacayağısıdır və bu ölkələrdən birinin proseslərdən kənarda qalması regiondakı sabitliyi laxlada bilər.

Bakı bəyannaməsində Transxəzər Şərq-Qərb Orta Dəhlizi, habelə, beynəlxalq tranzit sisteminə inteqrasiya səylərinin vurğulanması hazırda bölgəyə nüfuz etmək istəyənlərə ciddi bir mesajdır.

Bu xüsusda Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) və Marmara layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğulanmasını da qeyd etməyi vacib sayıram.

Bəlli olduğu kimi, son zamanlar bölgəyə nəinki coğrafi və iqtisadi baxımdan, ümumiyyətlə etnososial və etnomədəni faktorlar baxımından da heç bir aidiyyəti olmayan, Fransa, Hindistan kimi ölkələrin, eləcə də tarixi boyu iddiaları ilə imkanlarını uzlaşdıra bilməyən bəzi region ölkələrinin perspektivsiz kommunikasiyalarla bağlı müəyyən cəhdlərinin şahidi oluruq. Məhz bu baxımdan, hər üç ölkənin xarici işlər nazirlərinin nəqliyyat və enerji dəhlizlərinin ənənəvi istiqamətləri barədə vahid mövqe sərgiləmələri olduqca vacibdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: