Xəzər sülh dənizinə çevrilməsə… – Nazirlər Moskvada nə danışdılar?

“Xəzəryanı ölkələrin XİN başçıları vaxtaşırı bir araya gəlir. Bunu müsbət qiymətləndirmək olar”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşündə qlobal məsələlər müzakirə olunmasa da ümumi fikir mübadiləsinin aparılması müsbətdir:

“Təəssüf ki, bu görüşlərdə Xəzər dənizinin sülh dənizi kimi inkişaf etdirilməsi istiqamətində ciddi təkliflər irəli sürülmür.

Elxan Şahinoğlu

Bu gün Rusiya da, İran da Xəzərdə donanmalarını gücləndirir. Xüsusilə Rusiya Dağıstanda ildən-ilə donanmasının gücünü artırır, hətta vaxtaşırı güc nümayişi də edir.

Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında rəsmi Moskva məhz Xəzər donanmasından Ukraynaya zərbələr vururdu. Bu baxımdan qısa zamanda Xəzər dənizinin sülh dənizi olması üçün təkliflər verilməlidir.

Xəzərin statusu məhz bu görüşlərdə artıq müəyyənləşib. İran bu məsələdə inad etsə də nəticə əldə edilib. Ümumi mənada bu tipli görüşlər Xəzərin hərbisizləşdirilməsi, sülh dənizi halına gəlməsi üçün olduqca vacibdir. Bundan başqa, xəzəryanı ölkələrin iqtisadi siyasi münasibətlərin inkişafına da töhfə verə bilər”.

Turan Rzayev
Globalinfo.az