Xəzər sahillərində fəlakət yaşanır – VİDEO

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

“Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək”, – məlumatda qeyd olunur.

***

Dağıstanda Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə bazar günü Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib.

Mərkəzinin rəhbəri vurğulayıb ki, tapılan ölü suitilərin sayı daha çox ola bilər. Onun sözlərinə görə, heyvanlar fırtına nəticəsində həlak olublar.

“Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, – deyə Qapizov bildirib.

O, xatırladıb ki, bütün lazımi nümunələr götürülüb.

***

Xəzər dənizinin Dağıstan sahillərində təxminən 650-700 ölü suiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, neft bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 suiti cəsədi aşkar edilib. Tapılan cəsədlərin sayı arta bilər. Ölüm səbəbləri hələ müəyyən edilməyib”, – agentliyin “Telegram” kanalında bildirilir.

Bildirilir ki, idarənin müfəttişləri respublikanın hər yerində Xəzər dənizinin sahillərində kəşfiyyat işlərini davam etdirirlər.

Xəzər Elmi-Tədqiqat Balıq Təsərrüfatı İnstitutunun Volqa-Xəzər bölməsinin mütəxəssisləri suitilərin ölüm səbəblərini müəyyən etmək üçün artıq məlumat toplamağa başlayıb.