Xətaidə Milli Qəhrəmanın 50 illiyinə həsr olunmuş tədbir keçirildi – FOTO

İyulun 14-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon icra hakimiyyəti və  YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinə və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin 50 illik yubileyinə həsr olunmuş “Böyük Zəfərə gedən yolun başlanğıcı” adlı xatirə tədbiri təşkil edilmişdir.

Globalinfo.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəis müavini Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov, Zaur Quliyev, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, şəhid ailələri, qazilər, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər vurğulayıblar ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni bizə bəxş edən, qələbə naminə canından keçən şəhidlərimiz hər an böyük ehtiramla və qürur hissi ilə anılır. Azərbaycan oğulları düşmənə döyüş meydanında elə hünər göstərdi ki, yaşananlar hələ uzun illər Ermənistan hərbçilərinin yaddaşından silinməyəcək. Şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir.

Tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun Orkestri, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, əməkdar artist Səlim Abbasovun, VIII “Muğam” Televiziya Musabiqəsinin qalibi, gənc istedadlı ifacı  Həzrət Əzizlinin vətənpərvərlik mövzularında ifaları,“Səma” və “Odlar yurdu”  rəqs ansamblının  təqdim etdikləri miili rəqslər, Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin adını daşıyan Xətai rayonu 98 nömrəli tam orta məktəbin şagirdlərinin təqdim etdiyi İlqar Mirzəyevin Tovuz döyüşlərinə gedərkən ailəsi ilə vidalaşma səhnəsini canlandıran “Böyük qəhrəmanın arzusudur”  adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Daha sonra  Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin keçdiyi döyüş yoluna həsr olunmuş “Artilleriyanın atası” adlı  sənədli film nümayiş olundu. Milli Qəhrəmanın oğlu Elvin Mirzəyev çıxış edərək, Dövlət başçısına  onların ailəsinə göstərilən diqqət və qayğıya, eləcə də bu tədbirin təşkil olunmasına görə təşəkkür etdi, şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərə cansağlığı dilədi.

Qeyd edək ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad edib.