Xətaidə konsert proqramı və atəşfəşanlıq təşkil olundu – VİDEO+FOTOLAR

Noyabrın 6-da Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə  həsr olunmuş  konsert proqramı təşkil olunub.

Globalinfo.az bildirir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açdı. Qeyd etdi ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üç rəngli bayrağımız 30 il  işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi,  igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. R.Quluyev  Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə etdi.

Konsertdə tamaşaçılara şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs etdi, Ali Baş Komandana, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdi.

Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət  nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edildi. İncəsənət ustaları -Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədova, Ədalət Şükürov, İzzət Bağırov, İlhamə Qasımova, Azər Zeynallının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olundu.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirildi.

Sonda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tamaşaçılara möhtəşəm mahnılarını təqdim etdi.

Sonda atəşfəşanlıq təşkil olundu.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılandı.