Xətaidə hərbi-vətənpərvərlik mövzusunda konsert keçirildi – VİDEO

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və  H.Əliyev adına Hərbi İnstitutun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin konsert proqramı təşkil olunub.

Globalinfo.az bildirir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəisi general-mayor Fizuli Salahov, C.Naxçıvamski adına Hərbi liseyin rəisi polkovnik Rəşad İbrahimov,  Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov,  Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, Bakı şəhər Hərbi prokuroru Fərid Şükürov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd etdi ki, böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən söhbət açan icra başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.  Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.  Ölkə başçısı cənab İlham Əliyevin ifadə etdiyi kimi “Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaqdır!

Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri –Günay Qasımova, Elçin Məmmədov, Leyla Əliyeva, Xəyal Hətəmov, Oqtay Kazımi, VIII ” Muğam”  Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizli, gənc ifaçı Ədilə Əliyeva, sevilən ifaçı Nurlan Ordubadlı tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim etdilər. “Səma” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür etdi, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı dilədi. Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim etdi.

Şəhid atası, Xalq artisti Əli Nur  Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdi.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirildi.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılandı.