19b298151ba8c1840a2af7f5c093fba5

Aprelin 28-də Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım  Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim  Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Respublika Perinatal Mərkəzində davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Zərifə xanım Əliyevanın həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır.  Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas nəcib keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva   nümunəvi  həyat yolu keçib.

Çıxış edən  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu günü  Azərbaycan elminin böyük bayramı kimi dəyərləndirərək bildirdi ki, Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc  alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın mənalı ömür yolunun xalqa, Vətənə xidmətlə zəngin olan  silinməz izləri, həyat təcrübəsi  tələbələrinin hərtərəfli inkişaf etmiş mütəxəssis kimi yetişməsində, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr verməsində öz sözünü deyir. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün  səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın  həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Milli Məclisin deputatı Müşviq Məmmədliqeyd etdi ki, 1949-cu ildən başlayaraq Zərifə xanım  Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir.  Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatlarının nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi alimlik dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və xalqımız bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva dəyərli elmi əsərlərin müəllifi olmaqla yanaşı, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərmişdir.

Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva çıxışında Zərifə xanımın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirdi. Qeyd etdi ki, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik kimi keyfiyyətləri fəaliyyətində ümumiləşdirən Zərifə xanım Əliyeva sağlığında əfsanəyə çevrilən şəxsiyyətlərdəndir. Onun elmi uğurları, həkimlik peşəsinin məsuliyyətinin böyüklüyünü özündə təsdiqləyən  fəaliyyəti, kiçik dövlət kimi dəyərləndirilən ailə dəyərlərinə bağlılığı, bir sözlə, əsl vətəndaşlığı bugünkü və gələcək nəsillərə nümunədir.

Humanitar fənlər təmayüllü məktəb-liseyin  direktoru Nəzakət Əsgərova, oftalmoloq Dilarə Əliyeva, 8 saylı poliklinikanın baş həkimi  Nuriyyə Tağıyeva və başqaları çıxış edərək bildirdilər ki, XX əsrdə Azərbaycanın görkəmli alimlərindən biri olan Zərifə xanım, eyni zamanda, alicənab, nəzakətli və çox sadə bir insan idi. Zərifə xanım Əliyeva bütün müsbət keyfiyyətləri ilə  insanlığın zirvəsində dayanır.

965e42f27c84c882b73beb2056bfe197 76d64ed03ecfc81b54d5e38151c08bee 00c81c46ed99f65ac09c59a46d07b44a 4a6380a7c0c3d581aee4550ce536a785 1c5481c3a3aba119f0b851a6513773d8 387a6cfccc11f4e88792aecc1a3f8512 950fb7419edc781074cf20f7c7784f77 e5b985e47f5897e4fc49de9be5244ec5 072b2fb6ff0fd7a699f56fdae82263bc 1b710749e2ee802faba7073a456a0369 dc47b180eb09f431b087e48d263dbff4 902b5b9bd605c4b48dbb21b633e610f4 2722e42176542c803600c24ee3155a4b

f 1 f 2 f 3f 4

Paylaş: