Yazı ilk dəfə 30 oktyabr 2024-cü il, saat 22:47-də yayımlanıb
Vaxtaşırı xərçəngin, onun təsirlərinin, metastazların müalicəsi üçün dərmanların kəşf edilməsi xəbərləri yayılır. Amma indiyə kimi bu dərmanların tətbiqi haqda heç bir məlumat verilmir. Yəni nə xərçəng xəstələri sağaldılıb həyata qaytarılır, nə metastazın qarşısı alınır.
Ortaya iki sual çıxır: Bu xəbərlər niyə dövriyyəyə buraxılır? Xərçəngin müalicəsini qlobal dərman və ya tibb mafiyası əngəlləyir?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslının fikrincə, hər sahədə olduğu kimi, səhiyyə və tibb sahəsində də informasiya kirliliyi var.
O deyib ki, əslində belə xəbərlər oxunma sayı üçün hesablanıb:
“Deyir, həqiqət hələ ayaqqabılarını geyinməyib, amma yalan dünyanı dolaşır. “Xərçəngin müalicəsi tapıldı” kimi əslsiz xəbərlər günümüzdə daha çox oxunma sayına hesablanmış xəbərlərdir. Çünki bu başlıqda xəbər paylaşanlar əmindirlər ki, onların hazır oxucu kütləsi var və belə xəbərlər anında minlərlə oxuna bilər. Belə xəbərlərin yayılmasının bir digər əsas səbəbi də mediaya necə təsvir edilməsiylə bağlıdır. Məsələn, xərçəng xəstəliyinin müalicəsi üçün başladılan araşdırmalardan uğursuz olanları haqqında heç bir xəbər eşidə bilmərik, amma bir qrup xəstə üzərində aparılan araşdırmada nəsə bir irəliləyiş varsa, həmin xəbəri “Alimlər xərçəng xəstəliyinin müalicəsini kəşf etdi!” kimi eşitmə ehtimalımız “Alimlər bir qrup xərçəng xəstəsi üzərində apardığı araşdırmalarda müalicə üsullarında irəliləyişlər kəşf etdi” kimi eşitmə ehtimalımızdan daha çoxdur”.
Mütəxəssis bildirib ki, səhər əfsanələri tipində fikirlərdən biri də “Xərçəngin müalicəsini gizli saxlayırlar və ya dərman şirkətləri xərçəngin tam sağalmasını əngəlləyir” kimi düşüncələrdir:
“İnsanlar düşünürlər ki, dərman şirkətləri uzunmüddətli müalicələrlə insanları özündən asılı salaraq daha çox pul qazanırlar. Gəlin nəzərə alaq ki, 200-dən çox xərçəng növü var və hər birinin müalicə üsulları tamamilə fərqlidir. Xərçəngin müalicə üsullarını araşdıranda nə qədər dərin, kompleks və mürəkkəb müalicə olduğunu görə bilərik. Elm insanları deyir ki, xərçəngin müalicəsini tapmaq kosmosa uçuş üçün tələb olunan mühəndislikdən və fizikanı mənimsəməkdən daha mürəkkəbdir. Bir xərçəng xəstəliyi bədənimizin istənilən hüceyrəsində başlaya bilər və eyni xərçəng növü hər insanda tam fərqli təsirlər, nəticələr göstərə bilər. Bu qədər çox növü olan bir xəstəlik üçün tək bir müalicə üsulunun kəşf edilməsini demək o qədər də məntiqli deyil. Hələ yuxarıda da qeyd etdiyim kimi, nəzərə alsaq ki, eyni xərçəng xəstəliyinə tutulmuş hər insanda xəstəlik fərqli şəkildə irəliləyir və fərqli müalicə üsulları tətbiq edilir”.
Nərmin Abbaslı
N.Abbaslının sözlərinə görə, istənilən bir dərmanın kəşf olunması 15 il çəkir:
“Bir laboratoriyada tez-bazar bir dərman hazırlayıb xəstələrə verə bilməzsiniz. Bunun sağlam hüceyrələrə təsiri nə qədərdir, digər dərmanlar ilə verilə bilərmi, yan təsirləri nələrdir, hər xəstədə eyni nəticəni verirmi kimi suallar var qarşıda. Mediada müalicədə irəliləyişlərlə bağlı xəbərlər görə bilərik, amma burada ya dərman hələ daha da inkişaf etdirilir, ya da növbəti mərhələdə bu araşdırma uğursuz olub.
Newcastle universitetinin onkologiya üzrə professoru Deborah Tweddle 35 ildir bu sahədə araşdırma aparır. Deborah deyir ki, əgər xərçəngin müalicəsi tapılıbsa, deməli, buna uzun illər və milyonlarla vəsait xərclənib, o zaman niyə gizli saxlanılır? Dərman şirkətləri bunu insanlara sataraq, hər iki nəfərdən birinin xərçəng olma ehtimalı olan dünyada daha çox milyonlar qazana bilərlər. Əgər xərçəng üçün müalicəsini tapmırlar, uzun müddətli müalicədən pul qazanırlar deyilirsə, bu o zaman digər xəstəliklər üçün də keçərlidir. Amma genetik olan, insanın həyatını qısaldan və qısıtlayan kistik fibroz üçün dərman kəşf edilib, bu insanların xəstəxanada qalmaq müddətini, paralel olaraq başqa dərmanları istifadə etmələrini minimuma endirib, ömürlərini uzadır və s. Bunları nəzərə alsaq o zaman bu dərmanın kəşfi dərman şirkətinin çıxarlarına ziddir”.
O qeyd edib ki, qlobal olaraq səhiyyə sahəsində ciddi problemlər əlbəttə ki var:
“Onkoloji xəstə və ya ümumən ciddi xəstəlikdən əziyyət çəkən insanların müalicələrə və dərmanlara nə qədər çıxışı olmasını danışa bilərik. Dərman qiymətlərinin qeyri-bərabər əlçatanlığa səbəb olması insanların müalicələrində effektiv nəticə ala bilməməklərinə gətirib çıxardır. Hər ölkənin özünə xas olan səhiyyə sistemi, tibbi sığorta sistemi var və hər dövlətin bu məsələlərdə tənzimləmələri fərqlidir”.
Zaira Akifqızı
Globalinfo.az