Xələfovun İrana səfərinin məqsədi başqadır – Ekspert

“Xələf Xələfovun İrana səfəri fikrimcə, münasibətlərin normallaşmasından daha çox, Azərbaycan-Ermənistan sülh danışıqları fonunda Bakının mövqeyinin Tehrana izah edilməsi, xüsusilə kommunikasiyanın açılması və sərhəd məsələsi ilə bağlı reallığın çatdırılması məqsədi daşıyır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi artıq danışıqlar masasında yoxdur:

“Antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanması ən aktual məsələyə çevrilib və indi əsas mövzu sərhədin delimitasiyası və kommunikasiyanın açılmasıdır, xüsusilə Zəngəzur dəhlizi. Bakı sülh müqaviləsinin region ölkələri formatında razılaşdırılmasından yanadır, bunu Ankara və Moskva da dəstəkləyir. Ermənistan hazırda Qərb ölkələrinin dəstəyi ilə bu prosesdən yayınmaq istəsə də, sonrakı dövrdə İrəvana praktiki dəstək verə biləcək ölkə İrandır. Armen Qriqoryanın Tehrana səfəri də buna hesablanmışdı.

Asif Nərimanlı

Bakı Tehrana vəziyyəti izah etmək, kommunikasiyanın açılması və sərhədin delimitasiyasının iddia edildiyi kimi İranın maraqlarına zidd olmadığını göstərmək istəyir. İranın mövqeyi dəyişərsə, regionda sülhə daha tez nail oluna bilər. Bununla yanaşı, Zəngəzur dəhlizinin İran üzərindən də keçə biləcəyi məsələsi aktualdır. Xələfovun səfərində bu da müzakirə olunub. Fikrimcə, İranın yol və şəhərsalma nazirinin Bakıya səfəri də bununla əlaqədar ola bilər.

Ümumilikdə İranın hazırkı mövqeyi Zəngəzur dəhlizinə qarşıdır və bunu yenidən dilə gətirməyə başlayıblar. Bu məsələ Bakı-Tehran münasibətlərinin yenidən kəskinləşməsinə səbəb ola bilər. Lakin İranla ortaq nöqtələrin tapıla biləcəyini düşünürəm, bu məsələdə Moskvanın həlledici rol oynaması da mümkündür”.

Turan Rzayev
Globalinfo.az