XƏBƏRDARLIQ: Dünya iqtisadiyyatı iflic həddində – Böhran dərinləşir

WhatsApp Image 2024 10 03 at 10.59.17

İran-İsrail, Rusiya-Ukrayna savaşı bir sıra məsələləri gündəmə gətirir. Bunlardan biri də baş verə biləcək böhranla əlaqədardır. Son hadisələr neftin, qızılın qiymətinə, valyutanın kursuna, bütövlükdə birjalara necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, bu ilin aprel-avqust aylarında İran və İsrail arasında hərbi eskalasiya neftin və qızılın bahalaşmasına səbəb olmuşdu.

Onun sözlərinə görə, dünya bazarında brend markalı neftin qiymətində 4 faiz bahalaşma, planetin ən cəlbedici maliyyə aktivlərindən biri sayılan (troya unsiyası) “Qızılın unsiyasının qiyməti isə 2411 dollar 9 sentə yüksəlmişdi:

“Oktyabrın 1-də olan hərbi əməliyyatlara qədər isə bu rəqəm 2600 dollardan da yuxarı səviyyədə qərarlaşmışdı. Bildiyiniz kimi, gündəlik 4,4 milyon barel xam neft istehsal edən İran bu istehsalın 80 faizini ixrac edir. Dünyanın birinci böyük ixracatçısı və ikinci ən iri idxalçısı olan Çin özünün bütün neft ehtiyaclarının çox hissəsini İrandan idxal edir. Bu sıraya Yaponiyanı da əlavə etmək olar. İranın uzun illər boyu yaşadığı bütün siyasi bəlaların başında nüvə silahı istehsalı təhlükəsi yox, yaratdığı neft birjası day anır. Çünki İranın neft birjasının əsas valyuta növünün avro olması planı ABŞ dollarının etibarlı valyuta kimi sıradan çıxacağı təhlükəsini şərtləndirirdi. Bununla da dolların maliyyə bazarlarına hökmranlığının sonu gələ bilərdi”.

İqtisadçı deyib ki, neft hasilatının azalması bazarda müəyyən dərəcədə defisit yaranmasına və dünya valyutasının enerji daşıyıcılarına münasibətdə dəyərin azalmasına səbəb ola bilər:

elcin qurbanov

Elçin Qurbanov

“Məsələ ondadır ki, İranın neft siyasəti əslində, Avropanın maraqlarına uyğun olsa da, ABŞ Rusiya-Ukrayna müharibəsinə Avropa dövlətlərini cəlb etməklə özünün hərbi strategiyası ilə Avrasiya qitəsində hegemonluq siyasətini həyata keçirir. Burada silahlanmadan başlamış, bütün digər strateji məsələlərə dollar rəhbərlik edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ABŞ-ın bu siyasətinin əks effekti öz təsirini heç ləngitmir. Məsələn, Rusiyaya tətbiq olunan sanksiyalar Çinin Rusiyanın neft məhsulunu daxili bazar qiymətlərinə almasına şərait yaratdı. Yəni Çinin nefti çox ucuz qiymətə alması onun iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Hansı ki, bu, bilavasitə ABŞ maraqlarına ziddir. Artıq sanksiyaların sonuncu ən ağır dalğası Rusiyanın neft bazarını tamamilə iflic etməyə yönəldilib. Bu vaxtadək saxta sənədlərlə dünya bazarına çıxarılan Rusiya neft məhsullarının satışının qarşısını almaq üçün kosmos nəzarəti həyata keçirilir. Belə ki, həmin məhsulun loqistikası kosmosdan izlənilir. Sanksiyaların getdikcə daha da ağırlaşan mərhələləri Avropa iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərbə vurmuş oldu”.

Elçin Qurbanovun fikrincə, əslində, Avropanın əsas rəqibi ABŞ-ın özüdür:

“Rusiya Ukrayna və Yaxın Şərqdə daha da alovlanan, oradan bütün dünyaya sıçrayan hərb nidaları neft hasilatına, qızılın qiymətinə, habelə investisiya fəaliyyətinə təsirsiz ötüşmür. Federal Ehtiyatlar Sisteminin rəsmilərindən verilən son məlumata görə, geosiyasi qarşıdurma maliyyə bazarlarında gərginliyin artmasına, investorların ciddi narahatlığına səbəb olur. Nəzərə alsaq ki, hərbi əməliyyatların qığılcımları sabah Səudiyyə Ərəbistanına, BƏƏ-nə, Qətər və Yaxın Şərqin digər dövlətlərinə keçərsə, kifayət qədər böhran yaranacaq”.

Zaira Akifqızı
Globalinfo.az