XƏBƏRDARLIQ: Avropa bu səbəbdən qazsız qala bilər

“Avropa Qırmızı dənizdəki hücumlara görə qaz böhranı ilə üzləşə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb

Məlumatda deyilir ki, Husilərin artan hücumları fonunda Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükünün kəskin azalması Avropa ölkələrini qaz böhranı ilə üz-üzə qoyacaq.

Bildirilir ki, 2024-cü ilin yanvarında Qətərdən Adriatik dənizindəki İtaliya terminalına LNG tədarükünün təxminən 70 faizi ləğv edilib. Eyni zamanda, 2023-cü ilin sonunda Yaxın Şərq yanacağının İtaliyanın enerji bazarında payı 40 faiz olub.

Nəşr ortamüddətli perspektivdə bu növ yanacağın təchizatı ilə bağlı problemlərin Avropa İttifaqının (Aİ) əksər ölkələrinə təsir edə biləcəyini yazıb.

Qeyd edək ki, Avropa ölkələrinin sənaye müəssisələri üçün LNG qazı əsas təchizat mənbələrindən biridir. Bu növ yanacaq həm də elektrik enerjisi istehsalı və evlərin isidilməsi üçün fəal şəkildə istifadə olunur.

Bunun fonunda Yaxın Şərqdə münaqişənin uzanması bütün Avropa regionunun enerji təhlükəsizliyinə təhlükə vəd edir.

Əliyar Xəlil
Globalinfo.az